Erməni vandalizmi

Müharibə bitsə də, informasiya savaşı davam edir

Mübarizə yollarından biri xarici jurnalistləri, beynəlxalq siyasi ekspertləri işğaldan azad olunmuş bölgələrə dəvət etməkdir

İşğaldan azad olunmuş torpaqlarımıza xarici qonaqların, əcnəbi siyasətçi, diplomat və jurnalistlərin ardıcıl səfərləri təşkil olunur. Məqsəd erməni vəhşiliyini məhz xaricilərin baxışıyla dünya ictimaiyyətinə yaymaqdır. Ötən gün tanınmış diplomat, keçmiş həmsədr, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza beynəlxalq analitiklər qrupunun tərkibində Ağdam rayonuna səfər edib. Brayza səfər əsnasında Ağdamdan canlı çəkilişlər edib, videogörüntülər paylaşaraq, xarici dildə həm bölgə haqqında məlumalar verib, həm də erməni vəhşiliyini nümayiş etdirib: “İndi Ağdam şəhərinin mərkəzindəyəm.

Gördüyünüz kimi, burada heç bir şey qalmayıb. Nasistlərin 1945-ci ildə Varşavada hər şeyi məhv etməsindən sonra olduğu kimi. Nifrətin nə dərəcədə olduğuna baxın. Ermənilər şəhəri bu qədər vəhşicəsinə dağıdıblar. Ağdamdakı məşhur Cümə məscidi çox gözəldir. Mənim üçün bu itirilənlərin, lakin eyni zamanda ümidin simvoludur.

Çünki 10 noyabrda əldə edilmiş razılaşmalar sülhün bərqərar olması üçün sabit platforma yaradıb. Ümid edirəm ki, bir neçə il sonra azərbaycanlılar buraya qayıda biləcəklər, amma bunun üçün əvvəlcə bütün minaları zərərsizləşdirmək lazımdır. Ermənistan Azərbaycana minalı ərazilərin xəritələrini verməlidir”.

Brayza Ağdamdakı Qarabağ xanlarının sarayını da ziyarət edib və tarixi abidənin məruz qaldığı vəhşilikləri öz gözləri ilə görüb: “Son 30 ildə mal-qara tövləsi olaraq istifadə edilmiş xan məqbərəsi”. İctimaiyyət nümayəndələrinin fikrincə, Metyu Brayza kimi nüfuzlu diplomatların, xüsusən Azərbaycan dostu olan əcnəbi siyasətçilərin Qarabağa aparılması təbliğat baxımından çox önəmlidir. Hər halda erməni vandalizminin məhz Brayza kimi şəxslərin dilindən eşidilməsi daha güclü təsir bağışlayır.



“İslahatçı Gənclər” İctimai Birliyinin sədri, “Editor.az” saytının rəhbəri Fərid Şahbazlı “Şərq”ə bildirib ki, xarici ölkə və təşkilat nümayəndələrinin Qarabağa səfərlərinin təşkil olunması faydalı və zəruridir. Birlik sədrinin sözlərinə görə, müharibə hərbi müstəvidə sonlansa da, informasiya savaşı hələ də davam edir:

“Ermənistan informasiya savaşından vaz keçmir. Qarabağ ətrafında gedən proseslərlə bağlı dünya ictimaiyyətini çaşdırmağa çalışır, təxribat xarakterli açıqlamalar yayır. Belə məqamda cəbhədə qazandığımız uğurları diplomatik səviyyədə daha genişmiqyaslı davam etdirməliyik. Düşmənlə diplomatik mübarizə yollarından ən mühümü xarici jurnalistləri, beynəlxalq siyasi ekspertləri işğaldan azad olunmuş bölgələrə dəvət etməkdir.

Bu addım ilk növbədə əcnəbi diplomatlarda erməni barbarlığı ilə bağlı təəssürat yaradacaq. Bölgəyə səfər edənlər erməni vandalizminin canlı şahidlərinə çevriləcəklər.

Daha sonra onların vasitəsi ilə çoxsaylı insanlar erməni vəhşiliyindən xəbər tutacaq. Hamı biləcək ki, ermənilər sadəcə günahsız insanlara, qadın, uşaq və qocalara deyil, tarixi-dini abidələrə də divan tutublar. Mədəni irsə təcavüz bəşəri cinayətdir və bütün dünya ictimaiyyəti tərəfindən pislənilir.

Qarabağdakı acı mənzərənin, dağıntıların, xarabalıqların əcnəbi diplomatlar tərəfindən dünyaya tanıdılması yalan məlumatlar yayan erməni lobbisinə də böyük zərbə olacaq. Dünya bir daha əmin olacaq ki, Azərbaycan haqq uğrunda savaşıb və barbar ermənilərin bəşəriyyətə vurduqları zərərin qarşısını alıb”.