Bakıdakı Qarabağ atları da öz yurdlarına qovuşacaq

Şəmsəddin Atayev: "Uşaqlıqdan Qarabağ atlarının belində böyümüşəm. Kəndimiz işğal olunanda nəsli kəsilməsin deyə onları Bakıya gətirdim"


Şöhrəti dünyanı bürüyən Qarabağ atları Azərbaycan faunasının incilərindəndir.
Heç kimə sirr deyil ki, ölkəmizdə iki at cinsi olan "Qarabağ" və "Dilbaz" atları möhtəşəmliyi ilə "Ərəb", "İngilis", eləcə də digər xarici at cinslərini kölgədə qoyur.
Bu at cinsləri, xüsusilə də Qarabağ atı 17-18-ci əsrlərdə Qarabağ xanlığında daha da şöhrət qazanıb. Hazırda onlar Asiya və bütün Qafqazda ən qədim at cinsi hesab olunurlar.
Vəhşi at növlərindən olan Qarabağ atının hündürlüyü 1.50 metrdən çoxdur.
Kürən rəngli Qarabağ atlarının məskəni daha çox Şuşa və Ağdam şəhərləri idi.

Qarabağ atlarını digər atlardan fərqləndirən əsas cəhət onların limonabənzər, sarı-qızılı, yaxud da parlaq narıncı rəngdə olmalarıdır. Bu atların bir neçə qədim növləri də var idi.  Onlardan "Xoşbəxt", "Əlyetməz", "Gülgün" və sair atlar xüsusilə seçilirdi.

Tarixi erkən əsrlərə qədər çatan Qarabağ atları zamanla müxtəlif at cinsləri ilə qarışıb, lakin güclü genetikaya sahib olduqları üçün günümüzə qədər gələ bilib.

Hələ xanlıqlar dövründə bu atların baxımı üçün çox sayda zavodlar tikilmişdi. Onların birində atların möhtəşəmliyinə heyran olan V.V.Verşagin 1870-ci ildə belə deyirdi: "Mənim həyatda gördüyüm ən yaxşı atlar Şuşada Cəfərqulu xanın zavoduna məxsusdur. Heç bir yerdə bu cür atlar görməmişəm".

Məşhur atlarımız barədə şuşalı tarixçi Vasif Quliyev "Şərq"ə açıqlamasında Qarabağ atlarının adının ilk dəfə antik dövrlər tarixində çəkildiyini bildirdi:

"Bundan əlavə, Qarabağ cinsi həm də Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin hökmdarlarının diqqət mərkəzində idi.

Lakin hesab olunur ki, Qarabağda müasir atçılığın əsasını Nadir şah Əfşar qoyub. Onun ölümündən sonra at zavodlarını Pənahəli xan idarə edib. İbrahimxəlil xan isə Qarabağda müasir atçılıq zavodlarının sayını artırır və Qarabağ cinsli atların seçilməsinə daha ciddi önəm verir.
Qarabağ atlarının qiyməti hələ o dövrdə rus ordusu zabitlərinin illik maaşı bərabərində idi.

Qarabağ atlarının taleyi Mehdiqulu xanın zamanında  pisləşsə də, xanın qızı Xurşidbanu xanım bu vəziyyəti düzəldir".

Tarixçi bildirdi ki, sözügedən atlar Böyük Britaniyanın kral ailəsində də böyük şöhrət qazanmışdı: "Qarabağ atı qiymətli at hesab olunurdu. 1956-cı ildə Sovet hökuməti Böyük Britaniya kraliçasına Ağdamın at zavodundan "Zaman" adlı səmənd at bağışlamışdı. Ondan Cunaita Berlanın at zavodunda ayğır kimi istifadə olunurdu. "Zaman"ı öz məktubunda tərifləyən C.Berlan belə yazırdı: "Biz Zamanın gözəl rənginə və mülayim xasiyyətinə məftun olmuşuq. O, hətta ərəb atından da gözəldir. Daşqın çaylardan üzüb keçir. Bizim nəzərimizdə o, yüksək qiymət qazanıb və biz onunla fəxr edirik. Səmimi qəlbdən deyə bilərəm ki, Zaman xarakterinə görə bütün at cinslərindən üstündür".

Qarabağ atları Qafqazın, Rusiyanın və Avropanın at sərgilərində dəfələrlə uğurlu çıxış ediblər".

Daha sonra xanlıqlar dövründən bu yana üç əsr inkişaf yolu keçən Qarabağ atları 20-ci əsrin 90-cı illərində çətinliklərlə üzləşirlər. Erməni qəsbkarlarının Qarabağın dağlıq hissəsini  və bir neçə ətraf rayonu işğal etməsi Azərbaycan xalqı kimi onun faunasını da öz yurdundan köçkün etmişdi.
Həmin dönəmdə Qarabağ atlarını şücaət göstərib Ağdamda ölümdən xilas edən Şəmsəddin Atayev bu günə qədər həmin atlara göz bəbəyi kimi qulluq edir, onların artması və tanıtımında əlindən gələni əsirgəmir.

Həmin ad bizi "Bakı Dövlət Cıdır meydanı"na gətirdi.

Gördüyümüz şəhanə, tükləri gün şüaları altında bərq vuran əsl Qarabağ atları bizi ilk mənzərədən valeh etdi.

Qarabağ atlarının təlimçisi Şəmsəddin Atayev "Şərq"ə açıqlamasında bildirdi ki, ən böyük arzuları bu atların öz doğma diyarlarına, işğaldan azad edilmiş əzəli torpağımız olan Qarabağa qayıtmasıdır:

"Bizim ailə atçı ailəsidir. Gözümü açıb atamı, babamı bu işdə görmüşəm. Onlar xüsusilə Qarabağ atları ilə məşğul olublar. Bu gün mən də bu peşəni davam etdirirəm. Demək olar ki, uşaqlıqdan Qarabağ atlarının belində böyümüşəm. Kəndimiz işğal olunanda nəsli kəsilməsin deyə onları Bakıya gətirdim. Bizim kimi bir neçə atçı ailəsi də bu atları düşmən əlində qalmağa qoymadı.

Bu cinslərin bəziləri əvvəl Qarabağ atı olmayıb. Mən onların hamısını dəyişib Qarabağ atı etmək üçün ana atlar gətirdim, sonra o atlardan bala atlar aldım. Həmin gördüyünüz bu iki at isə təmiz Qarabağa aiddir.

İndi bizim ən böyük arzumuz bu atların öz doğma diyarlarına, işğaldan azad edilmiş əzəli torpağımız olan Qarabağa qayıtmasıdır. Biz istəyirik ki, artıq bu atları orada inkişaf etdirək, yarışlar təşkil edək.

Qarabağ atları əvvəllər həmişə Ağdamda məhsul bayramlarında nümayiş etdirilib. Biz orada "Çövkən", "Cıdır" yarışları keçirir, atları Kəlbəcər, Laçın yaylağına çıxarırdıq. Doğrudur, burda da çalışmışıq ki, oxşar şərait yaradaq, inkişaf etdirək. Ancaq nə etsək də, o yerlərin əvəzini vermək olmaz. Hazırda səbirsizliklə gözləyirik ki, Qarabağ atlarını öz yerlərinə qaytaraq".

Ş.Atayev bildirdi ki, Qarabağ atları həm də milli oyunumuz olan "Çövkən" oyunu üçün xüsusi hazırlaşdırılır:

"Hazırda ilxı şəraitində olan atlar Lənbəran kəndində saxlanılır. Yarış atları isə burada - Bakı Dövlət Cıdır meydanındadır. Mən bu atları, əsasən, milli oyunumuz olan "Çövkən"  üçün yetişdirmişəm.

Bir atçı olaraq bu sahəyə köməyim dəysin deyə "Çövkən" komandası yaratdım. Hansı ki, vaxtilə birinci xanım Mehriban Əliyeva  "Çövkən" oyununu YUNESKO-a qəbul etdirib.

Bu oyun yalnız Qarabağa məxsus olan atlarla təşkil olunsun deyə  çaparlarımıza tapşırıldı ki, "Çövkən"i məhz həmin atlarla oynasınlar. Çünki bu, uzun illər belə olub".

Şöhrəti dünyaya səs salan atlarımız indi  müzəffər ordumuzun Qarabağı azad etməsindən sonra Vətənə tələsirlər.
İndi onlar Vətənin dörd bir tərəfindən durmadan Şuşadakı cıdır düzünə çapacaqlar.

Aytac Ali,
Ağarza Elçinoğlu