Pediatr: “Uşaqlar əvvəlki qaydada peyvənd edilməlidir”

Koronavirusa yoluxma zamanı böyüklər arasında ölüm və fəsadlar 2.5-3, bəzi ölkələrdə isə 5 faizə qədərdirsə, uşaqlar arasında bu rəqəm 0.02 faiz səviyyəsindədir. Yəni uşaqların ölüm nisbəti böyüklərlə müqayisədə dəfələrlə aşağıdır”.  

Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyev deyib.

O bildirib ki, koronavirusun gələcəkdə uşaqlara hansı təsir göstərəcəyi məlum deyil:

“Uşaqlar üçün hələlik koronavirus peyvəndi mövcud olmadığına görə onlara peyvənd vurulmur. Amma yəqin ki, bu, müvəqqəti prosesdir. Gələcəkdə növbəti mutasiyaların uşaqlarda hansı fəsadlar yarada biləcəyi məlum deyil. Çox güman ki, uşaqlar üçün yaradılması planlaşdırılan koronavirus peyvəndləri ya planlı peyvəndlər cədvəlinə daxil ediləcək, ya da xəstəliyin kökünün kəsilməsinə nail olunacaq”.

N.Quliyev onu da bildirib ki, uşaqların koronavirusdan qorunması üçün ətrafdakı insanların maskadan istifadə etməsi mütləqdir: 

“Uşaqların virusa yoluxmaması üçün qoruyucu tədbirlər davam etdirilməlidir. Beş yaşa qədər uşaqların gigiyenik qaydalara riayət etməsinə nəzarət edilməsi çətindir. Uşaqlar maskadan istifadə etməsə belə, ətrafındakı insanlar maska taxsa, o zaman azyaşlılar virusdan qorunmuş olarlar”.

Baş pediatr onu da qeyd edib ki, uşaqlar üçün digər xəstəliklərə görə peyvəndlərin vurulması davam etdirilməlidir:

“11 yoluxucu xəstəliyə görə aparılan peyvəndlər koronavirusun mövcud olub-olmamasından asılı olmayaraq davam etdirilməlidir. Hazırda sözügedən peyvəndlər ölkəyə gətirilib və onların sayında hansısa çatışmazlıq problemi yoxdur. Uşaqlar üçün olan bu peyvəndlərin vurulmasını dayandırmaq böyük risklərlə nəticələnə bilər”.