“Krım platforması” konfransı: Dünyaya hansı mesajlar veriləcək? - Şərh 

“Ukrayna prezidenti Vladimir Zelenskinin təşəbbüsü ilə avqustun 23-də Kiyevdə “Krım platforması” adlı beynəlxalq konfrans keçiriləcək. Aydındır ki, bir konfransla Krım problemini həll etmək mümkün deyil. Ancaq Kiyev istəmir ki, beynəlxalq aləm Krımı unutsun. Ona görə də konfrans vasitəsilə diqqəti yarımadaya cəlb etməyə çalışır”.
Bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. 
O, konfrans barədə proqnozlarını “Sherg.az”la bölüşdü:
“Vladimir Zelenski Türkiyəyə səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğanı da adı çəkilən konfransa dəvət etdi. Ərdoğan dəvəti qəbul etdi. O da aydındır ki, “Krım platforması” Kremlin qıcığına səbəb olub.

Kremlin mimimum və maksimum hədəfi var. Minimum hədəfi böyük dövlətlərin Krımı unutmasıdır. Maksimum hədəfi isə budur ki, yaxşı halda Rusiyaya tərəfdaş ölkələrdən bir neçəsi Krımı Rusiyanın ərazisi kimi tanısın. Kiyevin məqsədi isə Kremlin mimimum və maksimum hədəflərinə çatmağa mane olmaqdır.
Krımı beynəlxalq hüquq normalarına uyğun Ukrayna ərazisi tanıyan, ancaq Kremli qıcıqlandırmamaq üçün Kiyevdəki tədbirə qatılmayanlar da olacaq”.