Paşinyan Qasparyanı yalan danışmaqda günahlandırdı

Ermənistan baş naziri Nikol Paşinyan ölkənin sabiq baş qərərgah rəisi Onik Qasparyanı yalan danışmaqda günahlandırıb.
“Sputnik Ermənistan” xəbər verir ki, o, Qasparyanın 44 günlük müharibənin dördüncü günündə hərbi əməliyyatları dayandırmağa çağırmadığını deyib. 

2020-ci ilin 17 noyabrında Qasparyan verdiyi açıqlamada müharibənin dördüncü günü Təhlükəsizlik Şurasının iclasında silahlı qüvvələrin, itkilərin və mövcud vəziyyətin qiymətləndirilməsini təqdim edib və bildirib ki, iki-üç günə müharibəni bitirmək üçün lazımi tədbirlər görülməlidir.

“Qasparyanın 17 noyabrdakı açıqlamasının həqiqətlə heç bir əlaqəsi yoxdur. Bu, səs yazıları da daxil olmaqla rəsmi qeyd edilib. Əksinə, o dedi ki, qarşı tərəf irəliləmir, ordu və silahlı qüvvələr tapşırıqlarını yerinə yetirir və bunu sonuna qədər edəcəklər”, - deyə Paşinyan parlamentin iclası zamanı qeyd edib.

Erməni baş nazirin sözlərinə görə, Qasparyan belə bir açıqlama verə bilməzdi, çünki 21 avqust 2020-ci il tarixində Təhlükəsizlik Şurasının iclasında verdiyi hesabatda Qarabağ istiqamətindəki silahlı qüvvələrin “geri addım atmamaq” prinsipinə əsaslanaraq mövcud qüvvələr və vasitələrlə qarşı tərəfin hücumunu dəf edə və poza biləcəyini iddia edib.

Paşinyan əlavə edib ki, bu, Ermənistan hakimiyyətinin döyüş əməliyyatlarını mümkün qədər tez dayandırmağa çalışmadığı anlamına gəlmir.