Qasparyandan Paşinyana cavab: “Əxlaqsız yalançı”


Ermənistanda vəzifəsindən faktiki olaraq uzaqlaşdırılan baş qərərgah rəisi Onik Qasparyan baş nazir Nikol Paşinyanın onun barəsində dediklərinə cavab verib.

“Johovurd” qəzeti xəbər verir ki, Qasparyan da öz növbəsində Paşinyanı yalançı adlandırıb.

Daha əvvəl Paşinyan parlamentdə çıxışında demişdi ki, Qasparyan  17 noyabr 2020-ci il tarixli açıqlamasında deyildiyi kimi Qarabağdakı müharibənin dördüncü günü savaşın ən qısa müddətdə bitirməyin lazım olduğunu bildirməyib.

“Bu əxlaqsız yalançılardan başqa bir şey gözləmirdim”, - deyə Qasparyan qeyd edib.

“17 noyabrdakı açıqlamamda söylədiklərimi bir daha təsdiqləyirəm. Baş nazir və Təhlükəsizlik Şurasının katibi gerçəkliyi həyasızcasına təhrif edir və hakimiyyət rıçaqlarından istifadə edərək cəmiyyəti yoldan çıxarır”, - deyə erməni general vurğulayıb.

Onun sözlərinə görə, Təhlükəsizlik Şurasının iclaslarının stenoqramları saxtalaşdırıla və səlahiyyətlilər üçün əlverişli bir şəkildə təqdim edilə bilər.

Qasparyan qeyd edib ki, yalnız mövcud hökumətin istefasından və hökumət dəyişikliyindən sonra həqiqətə varmaq mümkün olacaq.