Bank sektorunda çalışanlar da işsiz qalacaq

Mobil bankçılığın qarşısını almaq mümkün deyil


2020-ci ildə Azərbaycanda pandemiya fonunda mobil bankçılıq vasitəsilə həyata keçirilən əməliyyatların həcmi artıb. Bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov "Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu" adlı onlayn tədbir zamanı deyib. O qeyd edib ki, ötən il ərzində mobil bankçılar vasitəsilə ödənişlərin sayı 2019-cu illə müqayisədə 16 faiz, istifadəçilərin sayı isə 53 faiz artıb: "2018-2020-ci illər ərzində mobil bankçılığın inkişafı çərçivəsində bu sektor üçün yeni infrastruktur inşa edilib, rəqəmsal avtorizasiya sistemi yaradılıb, banklar bir platformaya inteqrasiya olunub".

İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında  bildirib ki, mobil bankçılığın inkişafı iqtisadiyyatın şəffaflaşdırılması fonunda mühüm əhəmiyyətə malikdir. Ekspert qeyd edib ki, mobil bankçılığın artması gələcəkdə bank şöbələrinin azalmasına səbəb ola bilər:

"Təbii ki, onlayn əməliyyatlar, o cümlədən mobil bankçılığın artması pandemiya ilə əlaqəlidir. Amma pandemiyadan öncə də o, bütün dünyada böyük bir trendə çevrilmişdi. Bu, insanların rahatlığı üçün, bank əməliyyatlarını daha tez həyata keçirməsi üçün təbii ki, çox yaxşı bir tətbiqetmədir".

N.Cəfərli vurğulayıb ki, mobil bankçılıq iqtisadiyyatın şəffaflaşdırılması fonunda yaxşı bir uyğulamadır:

"Amma bir məsələ də var ki, mobil bankçılığın artması gələcəkdə bank şöbələrinin azalmasına və bank sektorunda gələcəkdə işsizliyin artmasına səbəb ola bilər. Ümumiyyətlə, mobil bankçılığın artırılması bir dünya trendidir. Təbii ki, Azərbaycanda da bu olacaq, bunun qarşısını almaq da mümkün deyil.
Amma bununla bağlı bank sektorunda çalışan işçilərin gələcəkdə öz ixtisaslarına uyğun, yaxud da öz ixtisaslarını dəyişdirməklə və digər sahələrdə iş tapmaları ilə bağlı ümumi bir proqrama və yanaşmaya ehtiyac var".