"Rusiya və ABŞ arasında kəskin mübarizənin şahidi olacağıq"

Politoloq Nurlan Qələndərli: "ABŞ Rusiyaya yönəlik daha aqressiv və geosiyasi pressinq xarakterli strateji kurs reallaşdıracaq"

Co Baydenin Putinə çağırışları hələ əməkdaşlıq, yaxud qarşılıqlı inteqrasiya demək deyil


Ötən gün ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığı zamanı ABŞ Prezidenti rusiyalı həmkarı Putini başqa ölkədə sammit keçirməyə çağırıb. C.Bayden Rusiya ilə sabit əlaqələr qurmağı hədəflədiyini təsdiqləyib və iki ölkənin qarşısında duran bütün məsələlərin müzakirəsi üçün növbəti aylarda üçüncü ölkədə sammit keçirməyi təklif edib. Həmçinin telefon danışığı zamanı silahlara nəzarət üzrə dialoqu davam etdirmək niyyəti də müzakirə olunub.

Mövzu ilə bağlı "Şərq" olaraq politoloq Nurlan Qələndərli ilə söhbətləşdik.

- ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyətini necə xarakterizə etmək olar? Mövcud durum hər iki ölkə, o cümlədən regional və beynəlxalq təhlükəsizlik üçün nə vəd edir?

 - Hər iki ölkə müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemində mühüm təsir imkanlarına malik olan geopolitik güc mərkəzləri kimi çıxış edir. Bu hegemon qüvvələr arasında münasibətlər strateji rəqabət və geosiyasi mübarizə müstəvisində cərəyan olunur. Yaxın dönəmin siyasi mənzərəsini analiz etdikdə görürük ki, Vaşinqton-Moskva münasibətləri 2014-cü ildən etibarən "İkinci soyuq müharibə" mərhələsinə qədəm qoyub. Eks-prezident Donald Tramp hələ seçki kampaniyası ərəfəsində Rusiya ilə münasibətlərin yaxşılaşdırılacağı anonsunu versə də, onun hakimiyyəti dövründə də hər hansı bir məsafə qət edilmədi. Əksinə, 2016-cı ildə qarşılıqlı şəkildə diplomatların sayı 3 dəfə azaldıldı. Bir il sonra Rusiya ABŞ-ın sanksiya tətbiq edilən ölkələr siyahısına daxil edildi. 2018-ci ildə isə hər iki ölkə qarşı tərəfin bir sıra siyasi xadimləri və biznesmenlərini daxil etdiyi "qara siyahı" tərtib etdi. Beləliklə, tərəflər arasında siyasi konfrontasiya elementlərini təşkil edən bu hallar münasibətlərdə yaxınlaşmanın qarşısını alan faktorlardan birinə çevrildi. Bu dönəmdə, həmçinin bəhs olunan güc mərkəzlərinin qlobal strateji rəqabətində yeni situasiya formalaşdı. Bilindiyi kimi, D.Trampın "Amerika prioritetdir" şüarı ilə hərəkət etməsi fonunda Birləşmiş Ştatlar NATO-nun gücləndirilməsi və Avropa İttifaqı ilə əlaqələrin sıxlaşdırılması xəttindən imtina etdi. Eyni zamanda, ABŞ Yaxın Şərqdə və digər bir sıra regionlarda öz maraq dairəsinə aid olan bir sıra məsələlərdə qeyri-prinsipial və passiv mövqedən çıxış etdi. Bu isə Rusiyanın geostrateji manevr sahəsinin genişlənməsinə və bir sıra bölgələrdə təsir imkanlarının artmasına zəmin yaratdı. Moskva bu strateji avantajdan müəyyən qədər səmərəli istifadə edə bildi, xüsusilə Suriya məsələsində qarşı tərəfi bəzi güzəştlərə məcbur etdi. Bütün bunlara baxmayaraq, ABŞ-da keçirilən sonuncu prezident seçkilərindən sonra bu ölkənin strateji institutlarında Rusiya ilə iş sahəsində paradiqma dəyişikliyinin olduğu görünür. 

- Bu dəyişiklik nədən ibarətdir və qarşıdakı dövrdə hansı addımların atılması gözlənilir? Ümumiyyətlə, iki ölkə münasibətlərinə aid proseslər hansı formada cərəyan edəcək?

 - Əvvəla qeyd edim ki, ABŞ Rusiyaya yönəlik daha aqressiv və geosiyasi pressinq xarakterli strateji kurs reallaşdıracaq. Son 7 il ərzində Rusiyanın mövqeyinin möhkəmləndiyi regionlara aktiv geoiqtisadi müdaxilələr edəcək. Təbii ki, Rusiya ənənəvi təsir dairələrində mövqeyinin zəifləməməsi üçün həm ciddi müqavimət göstərəcək, həm də yeni həmlələrlə çıxış edəcək.

Düşünürəm ki, bu mərhələdə kəskin - gərgin strateji rəqabətin və mübarizənin şahidi olacağıq. Hətta bu güc mərkəzlərinin bəzi regionlarda dəstəklədiyi qüvvələr arasında lokal hərbi-siyasi qarşıdurmaların şahidi ola bilərik.

Yeni mərhələdə ABŞ-ın xarici siyasətində Rusiyanı birbaşa maraqlandıran kardinal dəyişikliklərdən biri Birləşmiş Ştatların Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsi və NATO-nun gücləndirilməsi cəhdləri olacaq. Rusiya-Çin geoiqtisadi işbirliyinə qarşı ABŞ-Avropa İttifaqı iqtisadi-enerji əməkdaşlıq platformasının şaxələndiriləcəyi proqnozlaşdırıla bilər.

Bunlarla yanaşı, Rusiyanın sərhədlərində və Moskvanın öz "sərhəd təhlükəsizliyi zonası" hesab etdiyi ərazilərdə NATO-nun varlığının artırılması, bu alyansın mövqeyinin möhkəmləndirilməsi istiqamətində də bir sıra addımların atılacağı gözlənilir. Lakin Rusiyanın Qafqaz regionunda, Mərkəzi Asiya və Yaxın Şərqdə yaxınmüddətli perspektivdə hərbi-siyasi mövqeyinin zəifləyəcəyini düşünmürəm.

Onsuz da paradiqma dəyişikliyindən sonra və yeni strateji kursun fonunda ABŞ-ın bu ərazilərdə situasiyanı öz lehinə dəyişdirmək planı ortamüddətli perspektivə hesablanıb. Lakin bu prosesə start verilməsi fonunda Avrasiyanın bəzi "qaynar nöqtə"lərində də zaman-zaman tərəflərin birbaşa və dolayı iştirakı ilə hərbi-siyasi hərəkətlənmələrin olacağı qənaətindəyəm.

Bunlarla yanaşı, Rusiyaya qarşı sanksiyaların davam etdiriləcəyini düşünürəm. Lakin “sanksiya immuniteti” formalaşmış Rusiyanın bu embarqolardan ciddi təsirlənəcəyi qənaətinə gəlmək olmaz. Moskva alternativ hərbi-siyasi və iqtisadi vasitələrlə bu embarqonun neqativ nəticələrini müəyyən qədər kompensasiya edə biləcək. 

- Bəs, Co Baydenin son çağırışından sonra iki ölkə arasında əməkdaşlığa yönəlik hansı addımların atılacağını düşünürsünüz? Ümumiyyətlə, yeni mərhələdə ABŞ-Rusiya dialoqu necə olacaq? 

- Ümumi götürsək, ABŞ Prezidentinin Rusiya Prezidenti ilə telefon danışığı zamanı səsləndirdiyi fikirlər bəzi məsələlər ətrafında dialoq platformasının yaradılması çağırışıdır. Bu hələ əməkdaşlıq, yaxud qarşılıqlı inteqrasiya demək deyil. Co Baydenin üçüncü ölkədə sammit təklifi iki ölkə üçün qlobal əhəmiyyətli bəzi məsələlərin müzakirəsi və yeni dönəmdə tərəflərin bir-birinin özlərinə yönəlik strateji prioritetlərini müəyyənləşdirməsi baxımından aktualdır.

Düşünürəm ki, ABŞ və Rusiya arasında yaradılacaq yeni dialoq platformasında bir neçə məsələ prioritet olacaq. Bunlardan biri tərəflərin təsir imkanlarına malik olduğu strateji əhəmiyyətli regionlarda rəqabət, uzlaşma və əməkdaşlıq məsələsi olacaq. Razılaşmalar əldə ediləcəyi təqdirdə, bəzi regionlarda bu güc mərkəzlərinin bir-birinə qarşılıqlı güzəştlərinin şahidi ola bilərik.

Digər məsələ silahlara nəzarət üzrə dialoqun davam etdirilməsidir. Bu problem üzrə razılaşmaların qısa müddətdə əldə ediləcəyi qənaətində deyiləm. Yəni silahlara nəzarət üzrə müzakirələr müxtəlif formatlarda və səviyyələrdə davam edəcək, bəzən gərginlik səbəbi olacaq. Bütövlükdə, bütün bu məsələlər təkcə ABŞ və Rusiya üçün deyil, ümumilikdə regional və qlobal təhlükəsizlik baxımından strateji əhəmiyyətlidir. Yeni əməkdaşlıq şəraitinin yaranmasına baxmayaraq, tərəflər arasında geostrateji rəqabətin ən aktiv fazaya qədəm qoyacağını proqnozlaşdırmaq olar.

Bir sözlə, beynəlxalq münasibətlər sistemində yeni mərhələyə keçidi sürətləndirəcək ABŞ-Rusiya strateji mübarizəsinin növbəti və daha gərgin fazası başlayıb.