İndi uşaqların əksəriyyəti xarici dildən anlayışı var

Bakıda narkotik maddələri və əxlaqsızlığı təbliğ edən uşaq geyimlərinin satılması nəzarətə alınmalıdır

"Sahibkar bu geyimləri xaricdən gətirir və ola bilsin ki, üstündə nə yazıldığından məlumatsızdır"


Bakı şəhərində narkotik maddələri və əxlaqsızlığı təbliğ edən uşaq geyimlərinin satışı həyata keçirilir. Həmin geyimlər 3-14 yaş aralığında olanlar üçün nəzərdə tutulub. Hamıya məlumdur ki, bu yaş dövrü uşaqların özünüdərketmə mərhələsi hesab olunur. Belə bir mərhələdə uşaqlara və onların gələcək həyatına mənfi təsir bağışlaya biləcək geyimlərin satışı valideynləri olduqca narahat edir. Bu geyimlərin satışı ilə məşğul olan satıcıların həmin məsələ barədə fikirləri isə daha maraqlıdır.

Onlar deyir ki, sözügedən uşaq paltarları hazırda dəbdədir və çox satılır. Geyimlər trend halına çevrilib və artıq çox satıldığı üçün sayı azalıb. Bu isə o deməkdir ki, bir çox hallarda valideynlərin diqqətsizliyi, məlumatsızlığı, savadsızlığı sayəsində gələcəkdə ailələrdə özünü göstərəcək dəhşətli kabus artıq həmin evlərin qapısından içəri girib.

Məsələ haqqında «Şərq»ə münasibət bildirən “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, geyimlərin satıldığı yerlərdə araşdırmalar aparıb, satıcılara xəbərdarlıq edilməlidir:

"Həmin məsələyə iki kontekstdən yanaşmaq lazımdır. Birincisi, bunu müzakirə etmək bir az da məsələnin böyüməsinə gətirib çıxara bilər. Digər tərəfdən isə yanaşdıqda, nəzərə almalıyıq ki, uşaqların əksəriyyəti dil öyrənir və onlar üçün belə yazılar cəlbedici ola bilər. Sahibkarlara bu cür malların satılmaması üçün, ilk növbədə, bir sıra şərtlər qoyula bilər. Düşünmürəm ki, sahibkarlar bunu bilə-bilə təbliğ etsinlər. Sadəcə olaraq, bəzəkli və diqqətçəkən geyimlər olduğu üçün satıcılar fikirləşir ki, müştəriləri özünə cəlb edəcək və beləliklə daha çox satış edəcəklər. Onları birdən-birə cərimələyib, cinayət məsuliyyətinə cəlb etmək də düzgün olmaz. Hesab edirəm ki, belə halların qarşısını almaq üçün son dərəcə ehtiyatlı olmaq lazımdır. Bu geyimlərin satıldığı yerlərə gedib, araşdırma aparmaq, satıcıların mövqeyini öyrənmək çox vacibdir. Daha sonra bu barədə onları məlumatlandırmaq və xəbərdarlıq etmək gərəkdir. Əslində, həmin mallar, ilk olaraq, gömrük tərəfindən yoxlanılmalıdır.

Sahibkar bu geyimləri xaricdən gətirir və ola bilsin ki, üstündə nə yazıldığından məlumatsızdır. Lakin gömrük əməkdaşları xarici dil biliyinə sahib olduqları üçün bunlara nəzarət etməlidirlər. Məsələ barəsində onlar da bir az diqqətli davransalar, sözügedən halların qarşısı alınmış olar".