ATƏT-in Minsk qrupu israrla regiona qayıtmaq istəyir

"Həmsədrlərin prinsipial məsələlərdən yox, ikinci dərəcəli mövzulardan bəhs etməsi onların ciddi təkliflərinin olmadığını göstərir"

"Bu qrup ilk növbədə anlamalıdır ki, Azərbaycan problemin həllinin baza hissəsini özü həll edib. Yerdə qalan ən vacib məsələ problemin birdəfəlik həllinə təhlükə yaradan erməni ordusunun qalıqlarının ərazidən çıxarılmasıdır"


ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış ediblər. Həmsədrlər 10 noyabr razılaşmasının icrası prosesini yaxından izlədiklərini vurğulayıblar. Həmçinin, tərəflərə narahatlıq doğuran məsələlərin həllinin və uzunmüddətli sülh üçün qarşılıqlı etimad atmosferinin yaradılmasının zəruriliyini xatırladıblar. Həmsədrlər münaqişə bölgəsinin minalardan təmizlənməsinin önəmini bəyan etsələr də, növbəti dəfə “əsirlərin” geri qaytarılmasının “vacibliyini” vurğulamağı unutmayıblar.


Eyni zamanda beynəlxalq humanitar təşkilatların Qarabağa giriş məhdudiyyətlərinin götürülməsini istəyiblər. Tərəfləri həmsədrlərin müşahidəsi altında ən yaxın fürsətdə yüksək səviyyəli siyasi dialoqa başlamağa çağırıblar. Həmsədrlər bölgəyə işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını da vurğulayıblar.

Minsk qrupunun bəyanatını “Şərq”ə dəyərləndirən politoloq Azər Qasımov bildirib ki, həmsədrlərin sonuncu bəyanatında yer alan məqamlar yenidən regiona qayıtmaq üçün yetərli deyil. Analitikin sözlərinə görə, həmsədrlərin prinsipial məsələlərdən yox, ikinci dərəcəli mövzulardan bəhs etməsi onların ciddi təkliflərinin olmadığını göstərir:

“Minalanmış ərazilərin xəritəsi, o cümlədən erməni terrorçuların geri verilməsi məsələsini həmsədrlər olmadan da həll etmək mümkündür. Qarşımızda daha prinsipial məsələlər var. Məsələn, işğalçı ordunun qalıqlarının Qarabağdan çıxarılması və Zəngəzur dəhlizinin tezliklə açılması bizim üçün daha önəmlidir. Bu istiqamətlərdə real addımlar atılmalıdır”. 

Siyasi şərhçi vurğulayıb ki, ATƏT-in israrla regionda yenidən aktivləşmək istəyi təşkilata yenidən inam formalaşdırmaqdır:

“Lakin ATƏT-in mandat verdiyi Minsk qrupu proseslərə doğru yerdən qoşulmur və prinsipial məsələlərdən fəaliyyətinə başlamır. Bu qrup ilk növbədə anlamalıdır ki, Azərbaycan problemin həllinin baza hissəsini özü həll edib. Yerdə qalan ən vacib məsələ problemin birdəfəlik həllinə təhlükə yaradan erməni ordusunun qalıqlarının ərazidən çıxarılmasıdır. Azərbaycan hələ ki, bu işi vasitəçilərə tapşırıb. ATƏT də Moskva ilə birgə bununla məşğul olmalıdır. Ermənilərin “əsir” kimi təqdim etdikləri terrorçuların qaytarılması məsələsi Azərbaycanın öz işidir. Erməni tərəfi minalanmış ərazilərin sxemini verdikdən sonra buna baxıla bilər”.