Yeni əməkdaşlıq formatları müzakirə olundu

Lukaşenkonun Bakıya səfəri iqtisadi münasibətləri daha da möhkəmləndirmək xarakteri daşıyır


Dünən Prezident İlham Əliyev ölkəmizdə işgüzar səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşüb. Liderlər iki ölkə arasındakı ikili əməkdaşlığın mövcud vəziyyətini və əlaqələrin hərtərəfli inkişaf perspektivini müzakirə ediblər. Təkbətək və geniştərkibli təmaslardan sonra Azərbaycanla Belarus arasında mühüm müqavilələr imzalanıb. Dövlət başçısı İlham Əliyev vurğulayıb ki, Azərbaycan-Belarus münasibətləri hər hansı problemlərdən tamamilə uzaqdır. Ölkə rəhbəri bəyan edib ki, keçən il pandemiyaya baxmayaraq, iki ölkənin əmtəə dövriyyəsi artıb: “Azərbaycandan Belarusa ixrac da artıb. Sənaye kooperasiyası ilə bağlı məsələləri ətraflı müzakirə edəcəyik. Sizinlə birgə qərarımıza əsasən artıq çoxdandır ki, Gəncədəki sənaye müəssisəsi fəaliyyət göstərir.

Qarabağın bərpası ilə bağlı məsələləri də Sizinlə müzakirə etmək istərdim. Belarus şirkətlərinin öz ölkənizdə aqrosənaye kompleksləri yaradılması təcrübəsi bizə məlumdur. Buna görə də işğaldan azad edilmiş ərazilərin bərpası baxımından bu mövzu, əlbəttə, xüsusi yer tutur. Sevindirici haldır ki, biz iştirak etdiyimiz beynəlxalq strukturlarda bundan sonra da bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Bizim müntəzəm əlaqələrimiz sadəcə görülmüş işlərə yekun vurmağa, növbəti addımları ölçüb-biçməyə və iki dost, iki tərəfdaş kimi irəliləməyə imkan verir”. Belarus Prezidenti Aleksandr Lukaşenko da qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər görülməlidir: “Siyasət, iqtisadiyyat sahələrində konkret istiqamətlər baxımından münasibətlərimiz olduqca çoxşaxəlidir və onlara heç nə xələl gətirmir. Biz heç kəsə mane olmuruq və heç kəs də bizə mane ola bilməz. Həqiqətən, Azərbaycan öz milli arzusuna çatmaq yolunda böyük addım atıb. Lakin bu, yalnız ilk addımdır. Qarşıda hələ çox işlər var, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər, dinc işlər görülməlidir”. 

Belarus-Azərbaycan münasibətləri ilə bağlı “Şərq”ə danışan Azər Badamov vurğulayıb ki, iki ölkənin əlaqələri prezidentlərimiz arasındakı möhkəm dostluq üzərində qurulub və gündən-günə inkişaf etməkdədir. Deputatın sözlərinə görə, Lukaşenkonun ölkəmizə növbəti səfəri bu münasibətləri daha da möhkəmləndirmək xarakteri daşıyır:

“Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və münaqişənin ədalətli həll olunmasının tərəfdarı olub. Bu gün isə torpaqlarımız işğaldan azad edilib və Belarusiya bu ərazilərimizdə quruculuq-abadlıq işlərində iştirak etmək niyyətini açıqlayır.

İqtisadi əlaqələrimiz inkişaf edir. 2020-ci il pandemiya dövrünə təsadüf etsə də, ölkələrimiz arası ticarət dövriyyəsi artaraq 500 milyon dolları keçib.

Belarus aqrar sahədə uğur qazanmış, aqrar texnikalarının istehsalında böyük təcrübəyə malikdir. Biz Gəncədə Belarus kənd təsərrüfatı maşınları və avadanlıqları istehsalı sahəsində əməkdaşlıq edirik.

Amma azad olunmuş ərazilərimizdə də yeni birgə istehsal sahələrini yaratmaq mümkündür. Lukaşenkonun ölkəmizə səfəri çərçivəsində yeni əməkdaşlıq formatları da müzakirə olundu.

Ölkələrimiz beynəlxalq siyasi  meydanlarda bir-birinin yanında olduğu kimi iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları da genişdir. Düşünürəm ki, qarşılıqlı səfərlər çərçivəsində ölkələrimiz arasında yeni sənədlər və planlar da müzakirə mövzusu olacaq”.