"Qərəz olmasa, uşaqlarla bağlı dəyişikliyi dəstəkləyirik"

Tural İrfan: "Yoxsa kimsə öz uşağını məscidə apardığı üçün ona cinayət işi açılacaqsa, bunu təqdir edə bilmərik"


“Dini etiqad azadlığı haqqında” qanuna bir sıra dəyişikliklər təklif olunub. Qanuna dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 15-də keçiriləcək iclasında müzakirə ediləcək. Nəzərdə tutulan dəyişikliklərdə bir çox məqam əksini tapıb. Kütləvi dini ibadət, ayin və mərasimlərin keçirilmə qaydasına dair tələblər müəyyənləşib. Layihəyə əsasən, kütləvi dini ibadət, ayin və mərasimlər dini ibadət yerlərində və ziyarətgahlarda keçiriləcək.

Bundan əlavə, din xadimlərinə dini titullar yalnız dini mərkəzlər tərəfindən veriləcək. Eyni zamanda dini mərkəz yalnız bir ali dini təhsil müəssisəsi yarada biləcək. Qanuna təklif edilən dəyişikliyə əsasən, dini qurumlar tərəfindən müqəddəs kitabları öyrənmə kursları dini mərkəzlərin razılığı ilə yaradılacaq. Nəzərdə tutulan mühüm bir dəyişiklik də uşaqların dinə etiqad etməyə məcbur edilməsinin qadağan olunması ilə bağlıdır. Layihəyə əsasən, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına təsir göstərməməlidir. Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır. 

Məsələni “Şərq”ə dəyərləndirən ilahiyyatçı-alim Tural İrfan qanuna nəzərdə tutulan dəyişiklikləri təqdir edib. Ekspertin sözlərinə görə, “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik edilməsi ölkəmizdə dinə, mənəvi dəyərlərə sayğının və diqqətin təzahürüdür:

“Dini ayinlərin dini mərkəzlərdə, ibadət yerləri və ziyarətgahlarda keçirilməsi vacibdir. Əslində ölkəmizdə tarixən belə olub. Fəqət bəzi xarici ölkələrin din pərdəsi altında ölkəmizdə inanclı insanların etiqadından sui-istifadə edilir. Ara-sıra küçələrdə yürüş keçirmək cəhdləri olur. Dini siyasi alətə çevirmək cəhdləri yolverilməzdir. Din siyasətə bulaşmamalı, saf və müqəddəs qalmalıdır. Siyasi gedişlərə alət edilməməlidir. Dini titullara gəldikdə isə bunu ümumiyyətlə, gərəksiz hesab edirəm. İslam dinində dini titul yoxdur. Olsaydı, ilk olaraq Peyğəmbərin özünə, səhabələrə verilərdi. İslamda “Hacı, Məşədi, Kərbəlayi, axund, ayətullah...” və s. titulları yoxdur. Bunlar Hindistan brahmanları, xristianlıqda orta əsrlərdəki istismarçı kilsə hakimiyyəti kimi insanları istismar etmək üçün ortaya atılıb. Xüsusi ali imtiyaz qazanmaq üçün “ruhanilərin” uydurduğu biətlər, yəni dinə sonradan soxulmuş elementlərdir. Odur ki, mən dini titulların əleyhinəyəm. Titul ancaq “ruhanilərin” nəzir mövsümlərində maddiyyat əldə etməsinə xidmət edir ki, bu da onları əsas mənəvi dəyərlərədən uzaq salır”. 

İslamşünas vurğulayıb ki, Azərbaycanda uşaqlara dinin məcbur tədrisi heç vaxt olmayıb:

“Ölkəmizdə islamdan başqa dinlərə uşaqları yönləndirmək problemi yoxdur. Burada söhbət islamdan gedir. Obyektiv yanaşma olsa, qərəz olmasa, uşaqlarla bağlı dəyişikliyi dəstəkləmək olar. Yoxsa kimsə öz uşağını məscidə apardığı üçün ona cinayət işi açılacaqsa, bunu təqdir edə bilmərik. Sözün açığı, bu dəyişikliyin alt qatını bilmirəm. Çünki müzakirəyə açıq olmayıb. Ancaq ümumən, dini radikalizm və ekstremizmə qarşı atılan bütün addımlar gecikmiş olsa da, təqdirəlayiqdir”. 

T.İrfanın qənaətincə, dini təhsil almaq üçün xarici ölkələrə göndərilən insanlar radikal fikirlərə yiyələnərək məscidlərdə dövlət əleyhinə təbliğat aparırlar. Bunun qarşısı alınmalıdır:

“2016-cı ildə Dini Komitənin sədr müavini Gündüz İsmayılov demişdi ki, Bakı İslam Universitetində təhsil alanların əksəriyyətinin əsas məqsədi formal da olsa, ali dini təhsil haqqında diplom əldə əldə etmək, dini ayin və mərasimləri yerinə yetirməklə imtiyaz qazanmaq, hərbi xidmətdən möhlət almaqdır. Yəni ali təhsilin güzəştlərindən istifadə etməkdir. Eyni zamanda, aparılan təhlillərdən aydın olur ki, ölkə ərazisində xarici dini təbliğatın qarşısının alınması fonunda bu universitetin məzunlarının potensialı tam qaneedici deyil. Universiteti bitirənlərin bir qisminin dini və dünyəvi biliklərə dərindən yiyələnməmələri, yüksək bacarıq nümayiş etdirməmələri, xarizmatik dini şəxsiyyət kimi formalaşmamaları onların ölkədə xarici dini dairələrin maraqlarına xidmət edən qüvvələrə qarşı alternativ kimi çıxış etmək potensialını minimuma endirir. Xatırladım ki, hazırda həmin universitetin 3550 nəfər məzunu Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli diplomlarla təmin edilməyib.

Fəqət Qafqaz Müsəlmanları İdarəsi nəinki problemin həllinə çalışır, 3550 məzundan birini belə qəbul edib dərdini dinləmir. Məhz bu fəsadların aradan qaldırılması üçün qanuna dəyişiklik edilməsinə böyük ehtiyac var. Dini sahədə təxirəsalınmaz islahatların aparılmasını zəruri sayıram”.