QMİ internet televiziya açdı


Tanınmış jurnalist, dini yazar təşəbbüsü dəstəklədi

"Bu sahəni boş buraxmaq, internet üzərindən fəaliyyət göstərən marginal, bölücü qrupların ixtiyarına buraxmaq olmaz"


Qafqaz Müsəlmanları İdarəsinin internet televiziyası fəaliyyətə başlayıb. Bu barədə QMİ-nin əməkdaşı Rauf Sərdarov məlumat verib. O qeyd edib ki, “YouTube”da yayımlanan internet televiziyası “114 TV” adlanır: “İnternet televiziya kanalı Ramazan ayı ilə əlaqədar bu gündən fəaliyyətə başlayıb. Hər gün iftardan yarım saat öncə Ramazan söhbətləri ilə bağlı veriliş efirə gedəcək. Ancaq Ramazan ayından sonra da fəaliyyətimiz davam edəcək, Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti, eyni zamanda dini maarifləndirmə ilə bağlı verilişlər yayımlanacaq”.

QMİ-nin təşəbbüsünü “Şərq”ə dəyərləndirən tanınmış jurnalist, dini yazar Kənan Rövşənoğlu bunu gözəl iş adlandırıb. Jurnalist bunun gecikmiş addım olduğunu, daha əvvəl də reallaşdırmağın mümkünlüyünü ifadə edib:

“Cəmiyyətdə dini maariflənməyə ehtiyac var. Bu sahəni boş buraxmaq, internet üzərindən fəaliyyət göstərən marginal, bölücü qrupların ixtiyarına buraxmaq olmaz. İnsanlar dini mövzularla maraqlanırlar. Gündəlik həyatın hansısa məqamında dini mövzularla qarşılaşır və bu zaman yaranan suallara cavab tapmalı olurlar.

Əlbəttə, bu zaman müraciət etdiyi internet resurslarında çoxlu sayda məlumatlarla rastlaşır və bu zaman təsir altına düşmə ehtimalı artır.

Buna görə də dini biliklərin daha etibarlı mənbədən paylanması zərurəti yaranır. Hazırda internet imkanları onlayn televiziya yaratmağı əvvəlki dövrlə müqayisədə  xeyli asanlaşdırıb.

Bu mənada QMİ-nin açdığı TV-nin yalnız Ramazan ayında deyil, il ərzində fəaliyyət göstərməsi, dini maarifçilik fəaliyyətini davam etdirməsi təqdir olunacaq hadisədir.

Əsas məsələ, əlbəttə, indi o kanalın işini necə qurmaqdan asılı olacaq. Əgər yaxşı iş qurulsa, ümid edirəm tezliklə maraqlı və populyar bir internet TV-yə çevrilə bilər. Bunun üçün də zaman lazımdır”.