Bəyanatlar Paşinyanı xilas etməyəcək: “«Məğlub edilmiş lider» epiteti...”

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentinin bu günkü iclasında çıxış edib. O, bildirib ki, ölkənin birinci prezidenti Levon Ter-Petrosyan hələ 2018-ci ilin yayında ona Qarabağdakı əraziləri qaytarmağı təklif edib. “İlk prezidentin mənə 2018-ci ilin iyulundakı görüşümüzdə söylədikləri barədə sirri açacam. Sitat gətirirəm: “Torpaqları artıq verməlisən”. Nəyin qarşılığında? Niyə? Necə? Hər halda ilk prezidentin həmin gün formalaşan təsəvvürləri bu çərçivədən kənara çıxmadı, qalan hər şey isə qiymətləndirmə məsələsidir”.



Paşinyanı nə üçün belə açıqlama verdiyini “Sherg.az”a dəyərləndirən “Ağ” Partiya sədri Tural Abbaslı bildirib ki, Paşinyanın əvvəlki söhbətlərə istinad etməsi ilk hadisə deyil:

“O, hazırda düşdüyü duruma bəraət qazandırmağa çalışır. Əslində 2018-ci ildə Petrosyanın ona etdiyi təklif normal idi. İndi isə Paşinyan ictimaiyyət qarşısında özünə haqq qazandırmağa çalışır. Yəni ki, ağlı başında olan bütün erməni siyasətçiləri Qarabağətrafı rayonların qaytarılması tərəfdarı olub. Hətta Petrosyan kimi adam belə təklif səsləndirib.

Paşinyan niyə bunu indi deyir? Çünki onun dönəmində Azərbaycan Qarabağətrafı rayonlar daxil olmaqla Şuşa şəhərini işğaldan azad edib. 

Paşinyan dolayısı ilə tam məğlub olmadığını və böyük itkilər vermədiyini söyləmək istəyir. Erməni cəmiyyəti isə elə toplumdur ki, onlar əfsanə, nağıl və xülyalarla bəslənirlər. Belə yarımçıq bəyanatlar Paşinyanı xilas etməyəcək.

O demək deyil ki, Paşinyan qalib gəlməyəcək. Əminəm ki, gələcək seçkilərdə yenə də onun partiyası seçiləcək. Lakin Paşinyanın «məğlub edilmiş lider» epiteti daim yaddaşlarda qalacaq.

O, nə qədər bu nüfuzu bərpa etməyə çalışsa da, buna nail ola bilməyəcək. Nəinki Qarabağ ətrafı rayonlar, tezliklə keçmiş Qarabağa daxil olan bütün ərazilər də Azərbaycanın suverenliyinə daxil ediləcək. Bununla da Ermənistanda Qarabağ üzərindən siyasət yürütmək məsələsinə yekun vurulacaq”.