Rusiya Türkiyəyə uçuşları dayandırdı – Səbəb göstərildi 

“Türkiyə "Krım Platformasına" qoşulduğunu da bəyan etdi”

“Bildiyiniz kimi, sözügedən format Krımın işğalına son qoymaq, Donbası Ukraynaya qaytarmaq üçün yaradılıb” 


“Rusiya heç vaxt böyük dövlət olmayacaq. Çünki çox cılız davranır. Gah pomidora qadağa qoyur, gah turistlərin qarşısını alır”.
 Bu sözləri iqtisadçı-ekspert, ReAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib.  
 O, şimal qonşumuzun qardaş ölkəyə uçuşları dayandırması barədə “Sherg.az”a danışdı: 

“Rusiyalılar Türkiyədə dincəlməyi çox sevir. Uzun may günlərində 2 milyona yaxın rusiyalı Türkiyəyə getməyə hazırlaşırdı.  Lakin indi Rusiya Türkiyəyə bütün uçuşları dayandırdı. Aprelin 15-dən iyunun 1-nə qədər qrafiklə olan reyslər və çarterlər baş tutmayacaq. Həftədə cəmi bir dəfə rəsmi səfərlər üçün Moskva-İstanbul reysi qüvvədə qalacaq.

Səbəb isə Ukrayna prezidentinin Türkiyəyə səfəri və görüş zamanı prezident Ərdoğanın Krımın işğalı, Ukraynanın ərazi bütövlüyünə dəstək haqqında bəyanatı, hərbi-iqtisadi sahələrdə bağlanmış çoxsaylı müqavilələrdir.

Türkiyə "Krım Platformasına" qoşulduğunu da bəyan etdi. Bildiyiniz kimi, sözügedən format Krımın işğalına son qoymaq, Donbası Ukraynaya qaytarmaq üçün yaradılıb”. 
 
N.Cəfərli, həmçinin baş verənlərin Azərbaycana təsirindən də söz açdı:

“ Türkiyə ilə Rusiyanın arasında çox yaxşı münasibətlərin olması bizə heç vaxt sərf etməyib. Hər iki ölkə arasında müəyyən fikir ayrılığı, çəkişmələr olsa, bizə xeyirdir. Ukrayna məsələsində isə biz bəyanatlarsız, qışqır-bağırsız imkan daxilində rəsmi Kiyevə dəstək olmalıyıq”.