“Fransa yenə də revanşistləri dəstəkləməyə çalışır” - MƏKR!

“Rəsmi Paris erməni icmasına status vermək istəyirsə, qoy, bunu öz ölkəsində etsin”


Aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib. Dövlət başçısı çıxışında bir sıra mühüm məqamlara toxunub. O, həmçinin son Qarabağ savaşı ərəfəsində Fransanın öz vasitəçilik missiyasına uyğun davranmadığını bildirib: 

“Müharibə zamanı  Fransa separatçıların tərəfində idi. Bu barədə bir neçə dəfə açıq fikirlərimi bildirmişəm. Və, bu, əlbəttə ki, qeyri-müvafiqdir”.  Prezident, onu da deyib ki, Fransa o vaxtkı prezident Jan Şikarın Ümummilli lider Heydər Əliyevdən xahişindən sonra ATƏT-in Minsk qrupunun üzvünə çevrilib. Rəsmi Paris bitərəf olacağına söz versə də, belə davranmayıb.

 Millət vəkili Asim Mollazadə ATƏT-in Minsk qrupunun və Fransanın Azərbaycan həqiqətlərinə münasibəti barədə “Sherg.az”a danışdı: 

“Bu qurum münaqişənin dondurulması istiqamətində səylərdən başqa hansısa addım atmayıb. Nəzərə almaq lazımdır ki, vasitəçi dövlətlərin hər birində, o cümlədən Fransada siyasətə güclü təsir imkanları olan erməni lobbisi və diasporu var.

Onlar öz missiyalarına uyğun davranmadılar. Beləliklə, BMT-nin məüyyən edilmiş qətnamələrinin tələblərini Azərbaycan özü yerinə yetirdi. Münaqişə həll edildi və tarixə qovuşdu. Buna baxmayaraq, Minsk qrupunun üzvləri yenə də revanşistləri dəstəkləməyə çalışırlar. Belə səylər qəbuledilməzdir.

Səlib yürüşü təfəkküründən bəhrələnən Fransa hansısa erməni icmasına status vermək istəyirsə, qoy, bunu öz ölkəsində etsin. Niyə etmir?! Vasitəçilər münaqişəni canlandırmağa çalışsalar, yenə uğursuzluğa düçar olacaqlar”.