Hədəf konkretdi: “Zəngəzuru bir güllə belə atmadan alacağıq”

Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra mətbuata açıqlama verib. Ölkə başçısı bildirib ki, münaqişədən sonrakı inkişafla bağlı vəziyyət bütövlükdə müsbət səciyyələndirilə bilər:
“Mən münaqişədən sonrakı vəziyyətin inkişafına bizim yanaşmalarımız və bu haqda bizim təsəvvürümüz barədə Aleksandr Qriqoryeviçi məlumatlandırdım. Şübhəsiz, Azərbaycanın mövqeyini bildirim ki, biz belə hesab edirik və reallıq da belədir ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanıb. Azərbaycan onu müstəqil surətdə nizamlayıb, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirib”. 

Azərbaycan Prezidenti bildirib ki, bu qətnamələr 27 il ərzində kağız üzərində qalıb və təəssüf ki, onların implementasiyası mexanizmi işə salınmayıb. Minsk qrupunun həmsədr ölkələrinin erməni tərəfinə müraciətlə işğala son qoymaq çağırışları da yerinə yetirilməyib:

“Həmsədrlərin status-kvonun qəbuledilməzliyi barədə bəyanatları erməni tərəfindən eşidilməyib. Biz tarixin bu səhifəsini çevirmək istəyirik, biz etimad tədbirlərinin möhkəmlənməsinə və bu gün həm Azərbaycan-Ermənistan-Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupu çərçivəsində, həm də qonşu ölkələr – Türkiyə və İran ilə bizim məsləhətləşmələrimiz çərçivəsində müzakirə edilən nəqliyyat-logistika layihələrinə istiqamətlənmişik. Beləliklə, Zəngəzur dəhlizi reallığa çevrilir. Biz çoxtərəfli əməkdaşlığa ümid bəsləyirik”.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycan tarixi ədaləti bərpa etdi və bir nizam yaratdı:

“Qarabağ münaqişəsinin həllindən sonrakı vəziyyət Ermənistanın daxili probleminə çevrilib. Biz hətta ona çalışırıq ki, Ermənistanda daxili sabitlik bərpa olunsun. Çünki regionun kifayət qədər rasional davranan hakimiyyətə ehtiyacı var. O cümlədən son 30 ildə ilk dəfədir ki, regionun inkişafı ilə bağlı ciddi imkanlar əldə olunub. İndi isə bu imkanları faydaya çevirmək lazımdır. Bütün tərəflər məhz bu faydadan yüksək şəkildə yararlanmalıdırlar. Həmçinin kommunikasiyaların qurulması, Şərqdən qərbə keçən yol təmin olunması zəruridir. Bu, bütövlükdə Qafqazın 2 ölkəsinin milli təhlükəsizliyinə və iqtisadi maraqlarına uyğun deyil. Eyni zamanda qlobal səciyyə daşıyan böyük bir məsələ haqqında danışıq. Yəni tarix yazılıb və bu tarixin həqiqətləri onu diqtə edir ki, əməkdaşlıq, yeni düzən və münasibətlərin fonunda sülh müqaviləsinin bağlanması kimi ciddi məsələlər var. Ona görə də ölkə başçısının açıqlamaları kifayət qədər maraqlıdır. Düşünürəm ki, bu, həm də Ermənistan üçün sətiraltı mesajı özündə birləşdirir. Yəni tələsmək, tarixin fürsətlərindən istifadə etmək və onu faydaya çevirmək lazımdır. Bir sözlə, hədəf konkretdi: Zəngəzuru 1 güllə belə atmadan alacağıq”.