Ukrayna nüvə statusuna qayıtmaq istəyir

Kiyev səfirinin açıqlaması vasitəsilə Qərb ölkələrinin nəbzini yoxlayır

Qərb ölkələri Ukraynaya nüvə statusunun qaytarılması barədə düşünməlidir. Bunu Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik deyib. “Ukraynanın təkcə mənəvi dəstəyə yox, həm də müasir silah sistemlərinə ehtiyacı var. Yəqin ki, nüvə statusu haqqında düşünməyə dəyər”, – deyə o bildirib. Qeyd edək ki, Ukrayna nüvə silahından 1994-cü ildə imtina edib.

Onun nüvə silahından imtina etməsi qarşılığında təhlükəsizliyinə zəmanət verən ölkələr ABŞ, Britaniya və Rusiyadır. Rusiya təhlükəsizliyinə zəmanət verdiyi ölkənin ərazisinin bir hissəsini – Krım da daxil olmaqla – 2014-cü ildən işğal edib.

"Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu feysbuk səhifəsində yazıb ki, böyük ehtimalla Kiyev səfirinin açıqlaması vasitəsilə Qərb ölkələrinin nəbzini yoxlayır:

"Ukrayna nüvə silahından SSRİ dağıldıqdan 3 il sonra - 1994-cü ildə imtina edib. Qərb düşünürdü ki, SSRİ dağıldıqdan sonra təhlükəsizlik baxımından nüvə silahı keçmiş respublikalardan yalnız Rusiyada olmalıdır. ABŞ, Britaniya və Rusiya Ukraynanın nüvə silahından imtina etməsi qarşılığında təhlükəsizliyinə zəmanət vermişdi. Rusiya zəmanətin üstündən xətt çəkərək 2014-cü ildə Krımı ilhaq etdi. Krımın ilhaqı göstərdi ki, Rusiyanın zəmanətinə aldanmaq lazım deyildi. Nə Kiyev, nə də Vaşinqton uzaqgörən oldular". 

E.Şahinoğlu əlavə edib ki, Ukrayna nüvə silahından imtina etməsəydi, Rusiya Krımın ilhaqına risk etməzdi:

"Ukraynanın yenidən nüvə dövləti statusunu geri alması problematikdir. Qərb ölkələri Ukraynanı müttəfiq kimi dəyərləndirsələr də, “nüvə klubu”na yeni dövlətin üzv olmasına dəstək verməzlər".