Jirinovski əslində hakimiyyətin dili ilə danışır 

Bəli, Azərbaycan-Türkiyə əlaqələri Rusiyanın təcavüzkar siyasətinə böyük zərbə vurub


"Ukrayna krizi Moskva üçün son imtahan və şansdır"

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yenə Türkiyə əleyhinə açıqlamalar verib. O deyib ki, Rəcəb Tayyib Ərdoğan Suriya, Liviya, Azərbaycan və Ukraynada Rusiyanın "fırlanan çarxına" mane olur. O, Ərdoğanı sakitləşdirməyin vaxtı gəldiyi sözlərini də əlavə edib. Həmçinin, Jirinovski Türkiyənin Moskvanın rəqiblərinə silah satmasına etirazını bildirib. Partiya lideri əlavə edib ki, Türkiyənin digər ölkələrə yerləşdirdiyi silahlardan dolayı Rusiya əsgərləri ölür.

Mövzuya münasibət bildirən BAXCP sədrinin müavini, politoloq Azər Qasımov  "Şərq"ə açıqlamasında deyib ki, Jirinovski siyasi arenada qeyri-ciddi fiqur olsa da, Rusiya hakimiyyətinin onun dili ilə danışması hamıya məlumdur. Politoloq qeyd edib ki, əslində onun dediklərində həqiqət var:

"Türkiyə son illər Rusiya üçün onun maraq zonalarında baş ağrısına çevrilib, hətta deyərdim ki, Rusiyanın nüfuzuna heç kim bu qədər zərbə vurmayıb. Buna baxmayaraq Türkiyə-Rusiya münasibətləri inkişaf edirmiş kimi görünür. İlk baxışda bu belədir, amma məsələ elə də sadə deyil. Fikir ayrılıqlarının olmasına baxmayaraq iki dövlət də bir-birinə hələ ki, bir çox sahələrdə möhtacdır.

Bu, kənd təsərrüfatından, turizm, enerji, hərbi və tranzit-nəqliyyat sahələrindən tutmuş siyasi arenaya kimi müxtəlif sahələri əhatə edir. Bu baxımdan, hansısa məsələnin bu əlaqələrə ciddi mənfi təsir edəcəyi mümkün deyil. Rusiyanın apardığı ekspansiya siyasəti onun dünyada bir növ təklənməsinə səbəb olub. Rusiya ilə dost kimi görünən ölkələr belə bu əlaqələri məcburiyyətdən qəbul ediblər. Ukrayna məsələsi isə bu təcridi daha da sürətləndirir".

Ekspert hesab edir ki, Rusiya əgər Ukraynada bu siyasətini davam etdirərsə, nəinki yaxın qonşuları, Şərqi Avropa birdəfəlik ondan uzaqlaşacaq:

"Hələ ki, Rusiya Şərqi Avropaya ixrac etdiyi qaz vasitəsilə milyonlarla avro pul qazanır və yeni qaz kəmərləri çəkir. Ukraynaya qarşı təcavüz siyasəti Avropanın tamamilə Rusiya ilə əlaqələrini kəsə bilər ki, bu da Rusiya üçün sonun başlanğıcı olar. Azərbaycan-Türkiyə əlaqələrinin Rusiyanın təcavüzkar siyasətinə vurduğu zərbə isə tarixi xarakter daşıyır.

Qarabağ müharibəsində göstərilən birlik Rusiya üçün gözlənilməz olduğundan türk silahlarının həlledici zərbəsi Moskvanın silah siyasətinə də güclü zərbə vurub.

Jirinovski kimilərinin dili ilə deyilən həqiqətlər isə Moskvanın hazırda necə çıxılmaz vəziyyətə düşdüyünün sübutudur. Moskva adətən çətinə düşəndə hədə dili ilə danışır. Bu, Ukraynada özünü göstərir. Hesab edirəm ki, Ukrayna krizi Moskva üçün son imtahan və şansdır.

Moskva ya sivil ölkə kimi ətrafı ilə xoş münasibətlə rəftar etməyi qəbul etməli, ya da ki, gec-tez təklənib dağılma yoluna daxil olacağı qaçılmaz olacaq".