ABŞ 10 rusiyalı diplomatı ölkədən qovacaq 

Rusiya tərəfi də Vaşinqtona adekvat cavab verəcək

Bu diplomat qalmaqalının ikinci sərt fazaya daxil olacağını düşünmürəm


ABŞ on rusiyalı diplomatı ölkədən qovacaq. Bu məlumatı “Blumberq” agentliyi öz mənbələrinə istinadən yayıb. Məlumata görə, diplomatlar ABŞ-dan seçkiyə müdaxilə və “SolarWinds”ə kiberhücumda (ABŞ dövlət müəssisələrinə kiberhücum - red.) ittiham edilərək qovulacaqlar. Bundan başqa, ABŞ Rusiyanın 12 vətəndaşı və 20 təşkilatına sanksiya tətbiq edəcəyi gözlənilir. Sanksiyaların tətbiq ediləcəyi şəxslər arasında vəzifəli şəxslər və kəşfiyyat nümayəndələrinin də olacağı vurğulanıb.

Bəs görəsən, bu, ABŞ ilə Rusiya arasında gərginliyə səbəb olacaqmı? Rusiya buna sərt mövqe göstərəcəkmi?



Suallarımızı cavablandıran politoloq Tural İsmayılov "Şərq"ə açıqlamasında bildirib ki, əgər bu hal yaşanarsa, o zaman Rusiya tərəfindən Amerika Birləşmiş Ştatlarına adekvat cavab veriləcək. Politoloqun sözlərinə görə, konkret olaraq hansısa ciddi total qarşıdurma müşahidə olunmayacaq:

"Qeyd edim ki, müxtəlif dövrlərdə Rusiya ilə ABŞ arasında diplomatik qalmaqallar müşahidə olunub. Və qalmaqallarda hər zaman iki tərəf bir-birinin diplomatlarını ölkədən çıxardıb. Yaxud da ki, arzuolunmaz şəxs elan edilib. Düşünürəm ki, b, iddialar reallaşsa, adekvat addım Rusiya tərəfindən də atılacaq. O da bəzi Amerika Birləşmiş Ştatlarının diplomatlarını ölkədən çıxaracaq". 

T.İsmayılov vurğulayıb ki, bu hal hansısa bir formada ABŞ-Rusiya münasibətlərində istənilən sərt məcranın olacağına işarə deyil:

"Çünki tarixin müxtəlif dövrlərində Amerika ilə Rusiya arasında diplomat və casus qalmaqalları yaşanıb. Bu baxımdan düşünürəm ki, bu dəfə də konkret olaraq hansısa ciddi total qarşıdurma müşahidə olunmayacaq. Sadəcə olaraq, Rusiya tərəfindən Amerika Birləşmiş Ştatlarına adekvat cavab veriləcək. O bilər ki, Amerika Birləşmiş Ştatları bundan sonra ənənəvi siyasətinə sadiq qalaraq hansısa Rusiya məmurlarına və diplomatlara qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq etsin. Məsələnin ancaq bu kontekstdə qalacağını və bu diplomat qalmaqalının ikinci sərt fazaya daxil olacağını düşünmürəm".