Vaksin olunanların xəstəliyi ötürmə səviyyəsi aşağıdır


Onlar xəstəliyi daha simptomsuz və ya simptomatik keçirir

Artıq bir ildən çox müddətdir ki, dünya COVID-19 pandemiyası ilə mübarizə aparır. Pandemiyanın ilk günündən dövlətimiz bu infeksiyaya qarşı bütün resurslarını səfərbər edərək mübarizə aparır. Bildiyimiz kimi, pandemiya ilə mübarizənin ən önəmli yolu onun profilaktikasıdır. İlk aylarda bunlar yalnız müxtəlif gigiyenik qaydalara və karantin tədbirlərinə əməl olunması ilə məhdudlaşırdısa, artıq insanların xilası üçün daha effektiv və etibarlı vasitə olan vaksinlər tətbiq olunur.

Ölkəmizdə istifadə olunan peyvənd, təhlükəsizliyi və effektivlik dərəcəsi illərlə sınanmış ənənəvi üsulla, inaktivləşdirilmiş, yəni ölü virusdan hazırlanıb. Nazirlər Kabineti tərəfindən qəbul olunmuş “Vaksinasiya Strategiyasına” əsasən, artıq xeyli vətəndaşımız peyvənd olunub və vaksinasiya prosesi bu gün də davam edir. Təbii ki, vaksinasiyanın məqsədi yoluxma hallarını əhəmiyyətli azalmasına nail olmaqla infeksiyanı nəzarət olunan həddə saxlamaq, ölüm hallarını minimuma endirməkdir. Lakin bu məqsədə yalnız əhalinin əksəriyyəti peyvənd olunduqdan sonra çatmaq mümkündür.

Son günlər vətəndaşlarımızı düşündürən bir məsələ var. Peyvənd olunmuş şəxs virusa yoluxarsa, onun bu virusu digərinə ötürməsi hansı səviyyədədir?

Sualımıza aydınlıq gətirən həkim-infeksionist Nicat Əzimli "Şərq"ə açıqlamasında bildirib ki, vaksin olunmuş şəxslərin xəstəliyi ötürmə səviyyəsi daha aşağıdır. Həkim-infeksionist qeyd edib ki, hazırda dəqiq olan məlumata görə, vaksin olunmuş şəxslər vaksin olunmamışlara nisbətən xəstəliyə daha az yoluxur:
"Onlar xəstəliyi daha simptomsuz və ya simptomatik keçirir. Simptomatik olsa da nəticəsi vaksin olunmamışlara nisbətən daha yaxşı olur və risk daha azdır. Xəstəliyi ötürmə səviyyəsində də daha azdır, yəni vaksin olunmuş şəxslər istənilən halda vaksin olunmamışlara nisbətən daha az daşıyıcı olurlar. Amma bu fərqin nə qədər olduğunu demək mümkün deyil. Çünki araşdırmalar davam edir və nəticələr ortaya çıxmayıb. Ona görə də dəqiq statistika vermək mümkün deyil".