Üçtərəfli bəyanatın icrasında israrlı olmalıdır

ATƏT-in Minsk qrupu faydalı təkliflərlə çıxış etməlidir


“Uzun müddət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vasitəçilik missiyasını yerinə yetirmək funksiyası daşıyan ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyəti nəticəsiz oldu. Qurum konkret olaraq gözləntiləri doğrulda bilmədi. Lakin Azərbaycan öz milli gücü, hərbi-siyasi resursları vasitəsilə münaqişəni həll etdi. Ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. İndi əsas nüans ATƏT-in Minsk qrupunun bundan sonra hansı funksiyanı yerinə yetirəcəyi məsələsidir”.

Bu sözləri “Şərq”ə açıqlamasında politoloq Nurlan Qələndərli deyib. Politoloq qeyd edib ki, bu gün ATƏT-in Minsk qrupu hər hansı bir funksiya yerinə yetirmək istəyində, özünü missiya daşıyıcısı kimi göstərmək niyyətindədirsə, postmünaqişə dövründə görəcəyi işlərlə bağlı konkret təkliflər irəli sürməlidir:

“İlk növbədə, həmsədr ölkələr ATƏT-in Minsk qrupunun bundan sonrakı fəaliyyəti ilə əlaqədar ümumi mövqe ifadə etsələr, təsisatın gələcək statusu ilə bağlı müəyyən məsələlər aydınlaşa bilər”. 

N.Qələndərli hesab edir ki, bütövlükdə ATƏT-in Minsk qrupunda təmsil olunan həmsədr ölkələr ən azından indiki şəraitdə ayrı-ayrılıqda regionda sabitlik, təhlükəsizlik, sülh və əməkdaşlığa xidmət edən təşəbbüslərlə çıxış edə bilərlər:

"Məsələn, onlar Ermənistanın üçtərəfli Bəyanatın icrası ilə bağlı öhdəliklərinin yerinə yetirilməsində israrlı olmalıdırlar. Yaxud minalanmış ərazilərin xəritəsinin Ermənistan tərəfindən təqdim olunmaması, bu ölkənin gərginliyin artmasına xidmət edən hərbi-siyasi təxribatları və sabotajları kimi hallara qarşı həmsədr dövlətlərin qəti və konkret mövqeyi, fəal təşəbbüsləri olmalıdır. Bunlarla yanaşı, Minsk qrupu demarkasiya, delimitasiya, qarşılıqlı əlaqə məsələlərində rol oynaya bilərlər.

Bütövlükdə, keçmiş münaqişənin sülh yolu ilə həlli istiqamətində vasitəçilik missiyası iflasa uğrayan ATƏT-in Minsk qrupu postmünaqişə dövründə varlığını göstərmək istəyirsə, yeni reallıqları nəzərə almalı, hazırkı gerçəkliklər əsasında perspektivə baxaraq faydalı təklif və təşəbbüslərlə çıxış etməlidir”.