"Zəfər yolu" bizi aydınlığa çıxaracaq

Qarabağa qayıdan əhali bu yoldan istifadə edəcək

Yeni yol işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilir


Azərbaycan dövləti işğaldan etdiyi Qarabağa həyat əlamətlərini qaytarır. Azərbaycan xalqı bu bəşəri əməlləri Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz ərazilərimizi bir-birinin ardınca xilas etdikdə də görürdü. Müzəffər əsgərlərimiz hansı yurda ayaq basırdısa, orada işıq yanırdı, ocaq qalanırdı, yollar, cığırlar təmizlənirdi, məscidlərdən azan səsləri ucalırdı, idarəetmə orqanları işə başlayırdı. Xalqımızın böyüklüyü bundadır. Dağıtmaq yox, tikmək, qurub-yaratmaq, kirlətmək deyil, gözəlləşdirmək! Məskən saldığı məkanda həyatı dirçəltmək. Hazırda da işlər davam edir. Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun inşası dövlət başçısının tapşırıq və sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılır.

Ötən il noyabr ayının 16-da, Qələbədən 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı təməli qoyulmuş “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirildi. Qısa müddət ərzində görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olundu. “Zəfər yolu” başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır. Layihələndirilən yolun uzunluğu 101 kilometrdir. Dövlətimizin başçısının tapşırığına əsasən, “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir. 

Qarabağa rahat gediş-gəliş təmin edilir

“Zəfər yolu”nun tikintisi ilə məlumatlar bundan ibarətdir ki, yolboyu genişmiqyaslı tikinti işləri həyata keçirilir. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “16 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC və “7 nömrəli Magistral Yolların İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi sahəsində ixtisaslaşmış və ölkəmizdə indiyədək bir neçə layihəni uğurla tamamlamış Türkiyənin “KOLİN” İnşaat Turizm San. və Tic. Anonim Şirkəti və “Azvirt” MMC birgə icra edir. Hazırda sözügedən avtomobil yolu boyunca torpaq işləri icra olunur. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun profilə salınması və ikinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib. Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq suların ötürülməsini təmin etmək məqsədilə dairəvi boru və düzbucaqlı su keçidləri, həmçinin zəruri olan yerlərdə 3 yeni avtomobil körpüsünün inşası da aparılır. Körpülərin uzunluqları 33, 99 və 75 metr olmaqla yolun 0.6-cı, 26-cı və 57-ci kilometrlik hissələrində layihələndirilib. Bununla da bu avtomobil yolu ilə rahat gediş-gəliş təmin olunacaq.

“Zəfər yolu”na cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin sürütləndirilməsi ilə yolun asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur. Sözügedən prosesin həyata keçirilməsi ilə cari ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır. Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir. “Zəfər yolu” işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilir. Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək. Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

“Yol mədəniyyət, dövlət, var deməkdir, ay oğul!..”

“Ögey ana” filmindəki epizodu xatırladınız, yəqin. Yol çəkilişi zamanı ağacların kəsilməsini, qayaların partladılmasını köks ötürərək izləyən Hüseyn dayıyla İsmayılın atası, mühəndis Arif arasında ibrətamiz mükalimə keçir;  - Deyəsən, hayıfın gəlir, Hüseyn dayı?  – Düzünü desəm, həm hayıfım gəlir, həm də sevinirəm. Hayıfım ona görə gəlir ki, uşaqlıqdan bu ağacların kölgəsində böyümüşəm. Sevinirəm ona görə ki, yol adamı aydınlığa çıxarır. Yol mədəniyyət, dövlət, var, deməkdir, ay oğul!”.  İndi Azərbaycanda “Zəfər yolu” salınır. Həm də işğaldan azad etdiyimiz Qarabağda. “Zəfər yolu”nun xalqımıza yaşadacağı mənəvi ucalıq, qürur hissi heç nəylə müqayisə edilə bilməz. Lakin bu yolun mənəvi çəkisi ilə yanaşı sosial-iqtisadi əhəmiyyəti də yüksəkdir. “Zəfər yolu” Azərbaycanın şəksiz qələbəsinin rəmzi, cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəmir yumruğunun timsalında dövlətimizin gücünün, qüdrətinin təsdiqidir.

“Zəfər yolu” dövlətimizə başucalığı, xalqımıza qürur, məğrurluq hiss yaşatmaqla bərabər iqtisadiyyatın inkişafına, bölgə əhalisinin sosial vəziyyətinin daha da yaxşılaşmasına, gəlirlərinin artmasına səbəb olacaq. Eyni zamanda Azərbaycana xarici sərmayələrin qoyulmasına, xarici ölkə şirkətlərinin bölgədə iqtisadi inkişafa təkan verməsinə kömək edəcək.

 Lakin ölkənin ayrı-ayrı şəhər və kəndlərində, bölgələrdə indiyədək salınan və bundan sonra da heç şübhəsiz salınacaq və ya yenidən qurulacaq yollardan “Zəfər yolu”nu fərqləndirən bir neçə cəhət var. Bəzən yol çəkilişlərində, yolların asfaltlanması zamanı hansısa obyektlərin, yaşıllıqların məhv olduğunu da müşahidə edirdik. Hətta “bir neçə ay əvvəl asfalatlanan yol, nə tez dağıldı”, narazılıqları da çox eşidilib.

“Zəfər yolu” erməni faşistlərinin viran qoyduğu Qarabağda çəkilir. Ağır texnikanın hazırda “qonaq” olduğu yerlərdə nə bir ağac var, nə bir bina, bir ev.

Sanki Azərbaycan dövləti insan məskəninin ayaq dəymədiyi, sivilizasiyanın hələ gedib çatmadığı məkanda yol çəkir. İlk baxışda bu, belə görünür. Amma artıq dünya birliyinə də məlumdur ki, bu torpaqlardakı sivilizasiya, maddi-mədəniyyət nümunələri erməni vandalları tərəfindən 30 il boyunca məhv edilib. 30 il ərzində erməni vəhşiləri nə salamat bir ev, bina saxlayıb, nə ağac, kol-kos, nə də ki yol. Azərbaycan işğaldan azad etdiyi ərazilərdə həyatı sıfırdan başladır. Ermənilərin törətdiyi bu cür  vəhşiliklə, ümid edirik, dünya qarşılaşmaz bir də.  

İşğaldan azad olunan rayonlarımıza daha çox yerli və xarici sərmayələrin cəlb edilməsi mümkün hala gələcək

Millət vəkili, iqtisadçı Vüqar Bayramov “Zəfər yolu”nun böyük əhəmiyyətindən danışıb: 

- Bu yol Azərbaycan üçün həm strateji, həm də iqtisadi əhəmiyyət daşıyır. Həmin yol Şuşa ilə Azərbaycanın digər yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsinin qurulmasına imkan verəcək. İşğaldan əvvəl Şuşa şəhərinə Ağdam və Xankəndindən keçməklə gedilirdi. Digər tərəfdən, çox yaxın zamanlarda xeyli sayda vətəndaşlarımız işğaldan azad olunan rayonlarımızı, o cümlədən Şuşa şəhərini ziyarət edəcəklər.

Bu isə bu zonalarda daxili turizmin inkişafı deməkdir. Bütövlükdə, gözlənilir ki, daxili turizmə üstünlük verən vətəndaşlarımızın əhəmiyyətli hissəsi bərpadan sonra işğaldan azad olunan ərazilərimizi də seçəcəklər. Bu isə həmin ərazilərimizdə biznesin inkişafı baxımından vacibdir. Bütövlükdə, Azərbaycan tarixi üçün xüsusi əhəmiyyət daşıyacaq həmin yol bizi əbədi olaraq Şuşa şəhərinə çatdıracaq.

İqtisadçı həmçinin, Qarabağda dəmir yolu infrastrukturunun yenidən qurulmasının vacibliyini vurğulayıb: 

- İşğaldan azad olunmuş ərazilərimizdə istər magistral yollar, avtomobil yolları, istərsə də dəmir yolunun çəkilməsi mühüm əhəmiyyət kəsb edir. Yol infrastrukturunun qurulması yük və sərnişin daşımalarının sürətlə həyata keçirilməsinə, iqtisadiyyatın bütün sahələrinin inkişafına müsbət təsir göstərən amildir. Bununla işğaldan azad olunan rayonlarımıza daha çox yerli və xarici sərmayələrin cəlb edilməsi mümkün hala gələcək. Məlumdur ki, cənab Prezidentin tapşırıqlarına uyğun olaraq, artıq Füzuli rayonundan Qarabağın incisi sayılan Şuşa şəhərinə yol çəkilişinə başlanılıb.

Eyni zamanda dəmir yol xətləri də bərpa edilir. Yevlaxdan birbaşa Dağlıq Qarabağa dəmir yol xəttinin çəkilməsi, o cümlədən Naxçıvanla Azərbaycanın qərb bölgələrini birləşdirəcək yeni yolun inşası ilə bağlı ciddi müzakirələr aparılır.

Dəmir yolları Azərbaycan iqtisadiyyatı, eləcə də işğaldan azad olunmuş ərazilərimizin iqtisadi dirçəlişi üçün çox vacibdir. Çünki iqtisadiyyat birbaşa infrastruktur, xüsusən nəqliyyat və logistik xidmətlərin inkişafını tələb edir. Bununla işğaldan azad olunan rayonlarımıza daha çox yerli və xarici sərmayələrin cəlb edilməsi mümkün hala gələcək. Eləcə də yeni iş yerləri yaranacaq. 

V.Bayramov bəyan edib ki, Qarabağda iqtisadi potensial kifayət qədər böyükdür və bunun realizasiyası baxımından yol tikintisi vacibdir. Ölkə boyu nəqliyyat əlaqələrinin bərpa edilməsi bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafı üçün güclü təkandır.