Geriyə yol yoxdur:“...Kiprdəki ssenari təkrarlanmalıdır”

Türkiyədə səfərdə olan Yunanıstan xarici işlər naziri Nikos Dendiasın türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı xoşagəlməz hadisə yaşanıb.“Haber Global”ın məlumatına görə, yunanıstanlı nazirin əsassız ittihamları Türkiyə XİN rəhbəri M.Çavuşoğlunu qəzəbləndirib.“Türkiyə hüquqlarımızı, suverenliyimizi pozmağa davam edərsə, sanksiyalar yenidən gündəmə gələcək”, - deyə N.Dendias bəyan edib.“Türkiyə ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin pozitiv bir mühitdə keçirilməsini arzu edirik, lakin yunan həmkarım Türkiyə haqqında qəbuledilməz ittihamlar səsləndirdi. Cənab Dendiasın mətbuatın önündə millətimizi, dövlətimizi ağır şəkildə ittiham etməsini qəbul etmirəm”, - deyə Çavuşoğlu etiraz edib.



Nazirlərin söz toqquşması ölkələr arasındakı əlaqələrin heç də yaxşı olmadığını bir daha göstərir. Siyasi analitik Turab Rzayev Türkiyə və Yunanıstan münasibətlərinin gələcək inkişafı barədə fikirlərini “Sherg.az”la bölüşdü: 

“Tərəflər arasında razılığın əldə olunması çətin görünür. Əvvəlki hadisələrdən Yunanıstanın “şıltaqlığının” nə ilə nəticələndiyini yaxşı bilirik.

Yunanıstanın Türkiyənin varlığını Kiprdə və Ağ dənizində görməzdən gəlməsi onun üçün baha başa gələ bilər.

Hər halda rəsmi Ankara açıq şəkildə göstərdi ki, geri addım atmayacaq. Deməli, ya ortaq yol tapılmalıdır, ya da Kiprdəki ssenari təkrarlanmalıdır. Gedişatın Yunanıstanın xeyrinə olmayacığını düşünürəm”.