Zaxarova səmimi deyil:“Qafqazda imperiya ambisiyaları var”

"O açıqlaması ilə “bütün qonşu respublikalar mənim nəzarətimdədir və kimsə bu işlərə qarışa bilməz” mesajını verir »

«Biz müstəqil dövlətik və hər hansı bir vasitəçiliyə ehtiyacımız yoxdur »

«Rusiya 30 il müddətində ATƏT-in Minsk Qrupu kimi nə etdi ki, məsələ həll olunandan sonra nəsə etsin? »


Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlaması ilə gündəmə gəlib. O, bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında davamlı sülhün və mehriban qonşuluq münasibətlərinin formalaşmasına istiqamətlənmiş təşəbbüslərə yardım göstərməyə hazırdır.

M.Zaxarova qeyd edib ki, Cənubi Qafqazın sabitliyi və davamlı iqtisadi inkişafı Rusiyanın bu bölgədəki bütün tərəfdaşlarının maraqlarına cavab verir:

“Bakı ilə İrəvan arasında davamlı sülhün və mehriban qonşuluq münasibətlərinin formalaşmasına istiqamətlənmiş təşəbbüsləri alqışlayırıq. Əlbəttə ki, Azərbaycan və Ermənistan qarşılıqlı etimadın lazımi səviyyədə qurulması, ikitərəfli münasibətlərin normallaşdırılması üçün çətin bir yolun başlanğıcındadırlar. İnanırıq ki, praktiki işlərdə tərəflər ayırıcı xətlərə deyil, münasibətlərin normallaşmasına və etimad atmosferinin yaradılmasına səy göstərəcəklər”.

Görünən odur ki, Rusiya hər zamankı kimi yenə də “vasitəçilik” adı ilə aranı qarışdırmağa çalışır. Bu baxımda Zaxarovanın sözlərində nə dərəcədə səmimi olduğu şübhə doğurur.



Siyasi elmləri doktoru, politoloq Cümşüd Nuriyev “Sherg.az”a açıqlamasında söyləyib ki, Zaxarovanın dediklərinin hər biri Rusiya XİN başçısının mövqeyidir. Analitikin fikrincə, onun belə açıqlama verməsi heç də təsadüfi deyil:

“3 gün öncə Prezident İlham Əliyev ADA Universitetində Cənubi Qafqazla bağlı çıxışında bildirdi ki, Azərbaycan Ermənistanla münasibət qurmağa hazırdır. Ölkə başçısı söylədi ki, bu ünsiyyətlərin bərpasında Azərbaycan tərəfindən hər hansı bir problem yoxdur, amma Ermənistanda revanşizm baş qaldırıb. Xüsusilə, erməni müxalifəti kifayət qədər destruktiv mövqe tutur və yenə də Qarabağ məsələsini gündəmə gətirməyə çalışırlar. Yəni problem Ermənistandadır. Prezident bildirdi ki, biz Zəngəzura qayıdırıqsa, nə üçün İrəvana qayıtmayaq? Biz ərazi iddiası irəli sürmürük. İrəvana qayıtmaq o deməkdir ki, danışıqlar Azərbaycan və Ermənistanda keçirilə bilər. Ölkə başçısı bu mənada İrəvana qayıtmaq məsələsini gündəmə gətirdi. Azərbaycanın birbaşa Ermənistanla əlaqə qurmaq istəməsi təbii ki, Rusiyanı qıcıqlandırmaya bilməzdi. Ona görə də Rusiya Zaxarova vasitəsilə belə açıqlamanı gündəmə gətirdi”.

C.Nuriyev vurğulayıb ki, Rusiya yenə də vasitəçilik missiyası adı ilə həm Azərbaycanı, həm də Ermənistanı siyasi çərçivəyə salmaq istəyir:

“Zaxarovanın açıqlaması da məhz bununla bağlıdır. Bütün hallarda Rusiya nə Ermənistanın, nə də Azərbaycanın maraqlarını güdür. Kremlin özünün Qafqaz maraqları, imperiya ambisiyaları var. Həmin ambisiyalardan da əl çəkməyib. Nəzərə alsaq ki, artıq ABŞ da Rusiyaya müxtəlif sanksiyalar tətbiq edib. Beləliklə, rəsmi Kreml istər-istəməz siyasi qüdrətini gündəmə gətirmək istəyir. Yəni ki, “bütün qonşu respublikalar mənim nəzarətimdədir və kimsə bu işlərə qarışa bilməz”. Bu baxımdan Zaxarovanın açıqlamasında heç bir səmimiyyət yoxdur. Azərbaycan Ermənistanla münasibətlərini birbaşa özü qurmalıdır. Biz müstəqil dövlətik və hər hansı bir vasitəçiliyə ehtiyacımız yoxdur. Rusiya 30 il müddətində ATƏT-in Minsk Qrupu kimi nə etdi ki, məsələ həll olunandan sonra nəsə etsin? Rusiyanın növbəti qeyri-səmimi addımına inanmaq olmaz!".