MEDİA-da təyinatlar:“Səriştəli kadrlardırlar, ümidlər böyükdür"

Yeni yaradılmış Medianın İnkişafı Agentliyində tanınmış jurnalistlərə vəzifə verilib. Keçmiş ANS-çi Rüstəm Əbülfətoğluna qurumda Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru vəzifəsi həvalə edilib. Tanınmış araşdırmaçı- jurnalist Natiq Məmmədli isə agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Daha bir jurnalist, AzTV-nin əməkdaşı Səidə Şəfiyeva Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri vəzifəsinə gətirilib.




BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli qurumdakı sözügedən təyinatlarla bağlı “Sherg.az”a danışdı: 

“Hazırda Medianın İnkişafı Agentliyinin strukturu formalaşır. Yeni kadrların hər birini tanıyıram, peşəkarlıqlarına bələdəm. Kifayət qədər ciddi və səriştəli kadrlardırlar. Düzdür, təyinat müəyyən mənada məqsədi ifadə edir. Buna baxmayaraq, görüləcək işlər barədə proqnozlar verməyə çətinlik çəkirəm. İnanıram və arzu edirəm ki, mətbuatın inkişafına töhfə veriləcək, medianın cəmiyyətin səsi olması, söz və ifadə azadlığının inkişaf etdirilməsi istiqamətində əsaslı addımlar atılacaq. Hər halda gözlənti və ümidlərimiz çoxdur. Çünki biz Medianın İnkişafı Agentliyini mətbuatımızın keşiyində dayanan qurum kimi görmək istəyirik”.