Həqiqətdən qaça bilmərik

Hələ ki qorunmağın ən asan yolu maska taxmaqdır

Taxılmış maskanın üzərinə düşən virus belə asanlıqla parçalanaraq yoluxuculuq qabiliyyətini itirir


Maskalar COVİD-19 virusunun yayılmasını müəyyən qədər dayandırmağa kömək edir. Qeyd edək ki, yoluxmanı azaltmaq üçün maska taxmaq təcrübəsi bəzi ölkələrdə uzun bir tarixə malikdir. Lakin bir çox ailələr üçün 2020-ci il maskanın ilk taxılması kimi yadda qalacaq. Artıq bir ildən çoxdur ki, insanlığı əsirinə çevirən COVİD-19-dan əsas qorunma yollarından birinin alimlər tərəfindən maska taxılması olduğu bildirilir. Bu hal dünyanın əksər ölkələrində hətta rəsmiləşdirilib. Bəs maska taxmaq "Covid-19"-dan qurtuluş yoludurmu?

Tibb elmləri doktoru, professor Musa Qəniyev məsələyə aydınlıq gətirib. O, "Şərq"ə açıqlamasında vurğulayıb ki, qoruyucu maskalardan istifadənin tarixi bizim eradan əvvəl 6-cı əsrdən başlayır. Ondan əvvəl isə insanlar tanınmamaq məqsədilə maskalardan istifadə edib:

"Hazırkı tibbi maskaların sələfi hesab olunan “quş maskalarından” (quş dimdiyini xatırladan görünüşü vardı) 1345-1351-ci ildən Avropada 25 milyon insanın ölümünə səbəb olan “Qara Ölüm”- Vəba pandemiyası yayıldığı dövrdən istifadə olunmağa başladı. "Covid-19" pandemiya halını aldıqdan sonra maska taxmağa münasibətdə dünya iki qütbə ayrıldı. Bir sıra ölkələrdə insanlar maskadan mütləq şəkildə istifadə etməyə başladı (məs. Cənubi Şərqi Asiya ölkələri). Bir sıra ölkələrdə isə buna son zamanlara qədər demək olar ki, əməl olunmurdu. Bir qrup Amerika və Tayvan alimlərinin “Science” jurnalında dərc olunan tədqiqatı göstərdi ki, digər viral infeksiyalardan fərqli olaraq "Covid-19" törədiciləri tək kataral vəziyyətdə olan xəstələrdən deyil, hətta xəstəliyi simptomsuz keçirən şəxslərin tənəffüs havasında 0,1 -1000 nonometrli hissəciklər şəklində ətraf mühitə verilə, eləcə də əşyaların üstünə çökərək, uzun müddət saxlanılmaqla, kontakt yolu ilə yoluxmaya səbəb ola bilər. Tənəffüs havası ilə rütubətləndirilən qapalı mühitdə isə onlar istər hava, istərsə də çökdüyü səthdə daha uzun müddət qaldığından, virusun virulentlik əmsalı və yoluxdurma potensialı qat-qat yüksək olur. Bu həqiqətdir".
M.Qəniyev əlavə edib ki, xüsusən açıq havada istənilən bir əşyanın, hətta taxılmış maskanın üzərinə düşmüş "Covid-19" virusu mürəkkəb struktur əsaslı olduğundan çox sürətlə parçalanaraq nuklein ardıcıllığını itirdiyi üçün yoluxduruculuq qabiliyyəti praktik olaraq sıfırlanır: "Bu halda hətta laborator müayinə həmin səthdə virusun olduğunu təsdiqləsə belə, bu artıq yoluxduruculuq qabiliyyətindən tam məhrum olan inaktiv ştamm və ya genom fraqmentidir. Yəni heç bir halda yoluxma törədəcək gücə və ya potensiala malik deyildir və malik ola da bilməz".

Tibb elmləri doktoru "Covid-19"-un hava-damcı üsulu ilə yoluxması haqqında da danışıb:

"Bu haqda məlum alimlərin söylədikləri və gəldiyi qənaətdən çox da qorxub panikaya düşmək lazım deyil. Çünki ölçüsü yalnız 20 nonomikronda kiçik olan hissəciklər ağciyər və tənəffüs yollarına keçə bilir. 1 mlm tənəffüs havasında 1000 mkm hissəcik olsa belə, 20 nonomikrondan kiçik hissəciklərin faiz nisbəti, heç də həmişə yoluxmaya səbəb olan virus yükünü daşımağa imkan vermir. Ölçüsü 20 nonomikrondan böyük olan hissəciklər isə yalnız həzm traktına daxil olur və mədənin turş mühitində ani olaraq inaktivləşir. Hətta həmin şəxs axlorhidriyadan əziyyət çəkirsə belə, həzm traktında AÇF reseptorları olmadığından, bu halda "Covid-19"-a yoluxma haqqında düşünmək belə absurd bir şeydir. Digər tərəfdən, hətta günəş şüası olmadıqda belə, təmiz atmosfer havası çox yüksək antimikrob və antiviral təsirə malikdir və çox qısa müddətdə virusların genom strukturunu inaktivləşdirməklə, onların virulentlik əmsalını sıfırlayır.  Odur ki, yalnız yaxın kontaktda, xüsusən, qapalı mühüt daxilində bu infeksiyadan qorunmanın əsas yollarından biri maska taxmaqdır". 

Professor maska taxmağın uşaqlara təsiri barədə də söhbət açıb:

"Birinci uşaqlıq yaş dövrü sona çatana qədər (6 yaş) bronx-ağ ciyər sistemi formalaşmadığına görə uşaqlara maska taxmaq qəti qadağandır. Bu hal faciəyə səbəb ola bilər. Yalnız zərurət yaranarsa (uşaq təhlükə gözlənilən qapalı mühitə girirsə), maska qısa müddətə 10-15 dəqiqə taxıla bilər. Yaxşı olar ki, maska taxmağa bu münasibət, uşaqlarda ağ ciyər-tənəffüs sistemi tam formalaşana qədər, yəni qız uşağının 11, oğlan uşağının isə 12 yaşı olana qədər əməl olunsun".