Türkiyə hökumətinin qərarı tamamilə əsaslıdır

"Kriptovalyuta etibarsız və konkret olaraq arxasında əmtəə dayanmayan bir valyutadır"

Türkiyə Mərkəzi Bankı ölkə ərazisində kriptovalyutanın maliyyə əməliyyatlarında iştirakının qadağan edilməsi barədə qərar verib. Qadağa aprelin 30-dan etibarən qüvvəyə minir. Qərara əsasən, Türkiyədə istənilən növ kriptovalyutanın mal və xidmətlərə görə ödəniş vasitəsi kimi istifadəsi qadağan olunur.

Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Razi Abasbəyli "Şərq"ə açıqlamasında bildirib ki, Türkiyə hökumətinin bu qərarı tamamilə əsaslıdır. Çünki  kriptovalyuta etibarsız və konkret olaraq arxasında əmtəə dayanmayan bir valyutadır: 

"Bu gün dünya bazarlarında kriptovalyutaların real bazar dəyəri, onun əmtəə nişanı olaraq dəyər ifadə etməsi ciddi mübahisə doğurur. Nyu-York Fond Birjasında bu valyuta əslində müəyyən mənada hansısa spekulyasiya vasitəsi kimi istifadə edilir. Lakin Asiya və London birjalarında bu valyutanın real bazar dəyəri ifadə edilmir. Bu baxımdan da Türkiyə hökumətinin qərarı anlaşılandır. Bu gün SVİFT iştirakçıları kriptovalyutalarla bağlı olaraq dəyər indeksi təqdim etmirlər. Nəticə etibarıyla da dünyanın fond birjalarında elektron valyuta anlayışından irəli gedə bilməyən kriptovalyutalar istənilən halda dəyərsiz və daha çox dünya bazarında manipulyativ alət anlamına gəlir".

R.Abasbəyli əlavə edib ki, bütün dünyada pandemiya dövründə kriptovalyutaların istifadə edilməsinə əsasən, elektron ticarətdə cəhdlər oldu:

"Qeyd edim ki, kriptovalyuta vizual olaraq meqaholdinqlərin payçıya və ya səhmdara çevrilmək şansı tanımayan valyuta növüdür. Real bazara inteqrasiyası ilə bağlı heç bir mühüm razılaşma, konsorsium mövcud deyil. Yəni siz bu gün dünya bazarında kriptovalyutaya sahib olsanız da faktiki birjada çox aşağı avantajlı iştirakçısınız və ilk növbədə bu valyutanın sığorta bazası etibarlı deyil. Lakin nə real dəyər qazandırmaq, nə də bu qazandıra biləcək dəyəri real alətə çevirmək hələ ki, mümkünsüzdür. Bu baxımdan da müstəqil olaraq sənaye istehsalı ilə dünya bazarında iştirakçı olan, o cümlədən də bazarda indekslər üzrə investor kimi pay sahibi olan səhmdarlar kriptovalyutaya maraq göstərmir.

Yəni etibarsız və konkret olaraq arxasında əmtəə dayanmayan bir valyutanı pandemiya dövründə dəyərli bir maliyyə aləti kimi dünyaya təqdim etmək cəhdləri var. Hesab edirəm ki, Türkiyə hökumətinin bu qərarı tamamilə əsaslıdır".