Türk Şurasının Media Koordinasiya Komitəsi yaradılır

"Azərbaycan və Türkiyənin regionda yeni siyasi reallıqlar formalaşdırması, digər qardaş türk dövlətlərin əl-qolunu açdı"

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısı keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Türk Şurası çərçivəsində media sahəsində əməkdaşlığın daha da sistemləşdirilməsinin tərəfdarıyıq. Bugünədək yaxşı təşəbbüslər olub. Lakin gəldiyimiz qənaətlərdən biri odur ki, təşkilat çərçivəsində Media Koordinasiya Komitəsi yaradılmalıdır. Necə ki, digər sahələrdə davamlı olaraq müvafiq komitələr çərçivəsində iş aparılır, bu istiqamətdə də işlər görülməlidir.

Prezidentin köməkçisi deyib: “Türkdilli ölkələrin dövlət media qurumları ilə bərabər, özəl media qurumları arasında da təmasların qurulmasına ehtiyac var. Çünki məqsəd məlumatların geniş şəkildə işıqlandırılmasına nail olmaqdır. Mediaforum konsepsiyası barədə də düşünürük. Ölkələr arasında biznes-forumlar keçirildiyi təqdirdə, media sahəsində də birbaşa əlaqələr qurulması məqsədəuyğundur. Bu gün media agentlikləri tərəfindən ilkin mənbədən olmayan məlumatlara istinadlar çoxdur”.

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən Avropa.info xəbər portalının direktoru, jurnalist Ruslan Bəşirli bildirib ki,  Türk Şurasında Media Koordinasiya Komitəsinin qurulması türk dövlətlərinin media siyasətini koordinasiya etmək baxımından ciddi fayda verə bilər.  R.Bəşirli qeyd edib ki, eyni zamanda bu, türk dövlətlərinin siyasi, iqtisadi, mədəni sferada birləşməsi üçün də zəmin formalaşdıra bilər:

"Əlbəttə, qardaş ölkələrin media strukturları fəaliyyətlərini koordinasiya edərlərsə, bu, qismən də olsa feyk xəbərlərin qarşısının alınmasına da səbəb ola bilər. Türk dünyası olaraq artıq mediamızı, siyasətimizi birləşdirməyin zamanı gəldiyini düşünürəm. 44 günlük Vətən müharibəsi zamanı Türkiyə mediası Azərbaycanın haqq işinə ciddi dəstək verdi". 

R.Bəşirli qeyd edib ki, təəssüf ki, digər türk dövlətlərinin media orqanlarından bu dəstəyi savaş zamanı ciddi mənada görə bilmədik:

"Lakin 44 günlük İkinci Qarabağ savaşı siyasi reallıqların da dəyişməsinə səbəb oldu. Azərbaycan və Türkiyənin regionda yeni siyasi reallıqlar formalaşdırması, digər qardaş türk dövlətlərin əl-qolunu açdı. Artıq bundan sonra media olaraq da bir-birimizə dəstək verməkdən çəkinməməliyik. Bu yolda qarşımıza çıxan bütün maneələri aradan qaldırmalıyıq. Koordinasiya Komitəsinin bu mənada da ciddi avantajı ola bilər".