Münaqişə tərəfi həm də Rusiyadır

Zaxarovanın "bərbəzəkli" sözləri reallığı dəyişə bilməz

"Əgər Bakı və İrəvan Kremlin bəyan etdiyi kimi sülh şəraitində olsa, o zaman Rusiya ortadan çıxmış olacaq"

“Həm Azərbaycan, həm də Ermənistan sadə olmayan qarşılıqlı etibarlı güvənin qurulması yolunun başlanğıcındadırlar”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib. XİN rəsmisi vurğulayıb ki, Rusiya tərəflər arasındakı qarşılıqlı etimad prosesinə yardım etməyə hazırdır: “Əlbəttə, qarşıda az olmayan çətinlikləri, maneələri aşmaq var.

Cənubi Qafqazın sabitliyi, dayanıqlı iqtisadi inkişafı Rusiyanın bu regiondan olan bütün tərəfdaşlarının marağına cavab verir. Ümid edirik ki, praktiki işlərdə tərəflər ayırıcı xətlərə deyil, münasibətlərin normallaşmasına və inam atmosferinin yaradılmasına istiqamətlənən addımlara səy göstərəcəklər”. 

Zaxarovanın açıqlamasını “Şərq”ə dəyərləndirən politoloq Əli Oruclu bildirib ki, münaqişənin yaranma səbəbkarı və bu gün də tam həll olunmasına mane olan ölkə Rusiyadır. Siyasi şərhçinin sözlərinə görə, əgər Bakı və İrəvan Kremlin bəyan etdiyi kimi sülh şəraitində olsa, bir-biriylə normal əməkdaşlıq etsə, o zaman Rusiya ortadan çıxmış olacaq:

“Bu isə Moskvanın Cənubi Qafqazdakı rolunun sıfıra enməsi deməkdir. Zaxarova “bərbəzəkli”, guya, sülhpərvər imicdə “tövsiyələr” verməklə mövcud reallığı dəyişdirə bilməz. Əslində münaqişə tərəfi həm də Rusiyadır. Təbii ki, biz regionda sülh və əmin-amanlığın bərpasını istəyirik. Rəsmi Bakı bölgədə normal əməkdaşlıq mühitinin formalaşması üçün əlindən gələni edir. Ancaq buna nail olmaq heç də asan məsələ deyil və qarşımızda ermənilərlə yanaşı, ruslar da var. Düzdür, ermənilərin xislətində türkə qarşı bitib-tükənməyən düşmənçilik var və nə vaxtsa yenidən üzə çıxa bilər. Amma Ermənistan görsə ki, onların axrasında təhrikedici güc, Moskva kimi mərkəzlər yoxdur, o halda məcburi qaydada Azərbaycanla normal əməkdaşlığa razılıq verəcəklər”.