Savaş olarsa, üçüncü dünya müharibəsinə dönəcək

Ona görə də ABŞ-Rusiya qarşıdurması hərbi müstəviyə keçməyəcək

Hazırda dünyanın diqqəti ABŞ-Rusiya münasibətlərindəki gərginliyə yönəlib. Vaşinqton bir müddət öncə Rusiyanın Ukrayna ilə sərhəddə gərginliyi artırmasına cavab olaraq Qara dənizə iki hərbi gəmisini göndərəcəyini açıqlamışdı. Rusiya buna cavab olaraq Qara dənizdə hərbi gəmilərinin sayını artırdı. Sonra ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinə zəng edərək üçüncü ölkələrin birində görüşməyi təklif etdi. Eyni gündə Amerikanın iki hərb gəmisi Qaradənizə boğazlardan daxil olmaq üçün Türkiyəyə müraciətini geri çəkdi və gözləmə mövqeyinə keçdi.

Kreml hazırkı dövrdə prezidentlərin görüşünə ehtiyac olmadığını açıqladıqdan sonra Ağ Ev Rusiyaya qarşı növbəti sanksiyalarını bəyan etdi. Qəbul olunan qərara əsasən, 10 rus diplomatı Amerikadan qovulacaq. Əlavə olaraq, seçkilərə müdaxilə etdiyi üçün 32 Rusiya vətəndaşına da sanksiya tətbiq olunub. Yeni sanksiyalar Rusiya iqtisadiyyatı üçün əhəmiyyətli sahəyə - dövlət borclarına yönələcək.

İki qütbün artan gərginliyini “Şərq”ə təhlil edən politoloq Turan Rzayev bildirib ki, iki böyük gücün qarşı-qarşıya gəlməsi ilk dəfə baş vermir. Analitikin sözlərinə görə, ABŞ tərəfindən ruslara sanksiya tətbiqi dəfələrlə təkrarlanmış addımdır:

“Amerikanın Ukrayna üzərindən Rusiyanın nəzarət dairəsi sayılan bölgəyə müdaxiləsi Kremli hər zaman qıcıqlandırıb. Moskva öz “arxa bağçasını” Amerikaya güzəştə getmək niyyətində olmayıb. ABŞ da təzyiq siyasətindən, hərbi güc göstərişindən vaz keçmək fikrində deyil. Amma tərəflərin qarşıdurmasının hərbi müstəviyə keçəcəyi inandırıcı görünmür. Hər iki ölkə nüvə silahına malik güclü dövlətlərdir və koalisiya yarada biləcək potensiala malikdirlər. Eyni zamanda BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir. Bu səviyyədə iki ölkənin bir-birinə açıq savaş elan etməsi üçüncü dünya müharibəsi deməkdir. Ona görə Vaşinqton və Moskva sadəcə sanksiya və bəyanat müstəvisində əzələ nümayişi etdirirlər. Bundan sonra da ancaq sanksiya paketinin genişlənməsi aktual olacaq”.

Ekspert əlavə edib ki, Amerika iki gəmisini Ukraynaya yardım məqsədi ilə Qara dənizə göndərib:

“Ağ Ev Ukraynaya dəstəyini bu cür ifadə edir. Rusiya isə birbaşa müdaxilə etməsə də, konkret açıqlama verir ki, “əgər Donbassa kənar qüvvələrin hücumu baş verərsə, Kreml səssiz qalmayacaq”. Rəsmi Kiyev hələlik Donbassa girmək niyyətinin olmadığını açıqlayıb. Ümumiyyətlə, hesab edirəm ki, Ukrayna Moskvanın qətiyyən müdaxilə etməməli olduğu məsələdir. Rus ordusunun Donbassa girməsi Ukraynanın məğlubiyyəti ilə başa çatsa belə, Kreml üçün “pir qələbəsi”ndən fərqsiz olacaq. SSRİ üçün Əfqanıstan nə idisə, Rusiya üçün də Ukrayna odur. Ukraynanın Türkiyədən əldə etdiyi modern hərbi texnikalar, xüsusən PUA-lar rus ordusuna ciddi zərbə vuracaq. Nəticədə şimal qonşumuzun iqtisadiyyatı daha da mürəkkəbləşəcək. Bu isə daxildəki subyektlərin müstəqillik arzularını artıracaq və ölkə parçalanmanın eşiyinə gələcək”.