Türkiyə ilk addımı atdı

Ermənistanın müharibə cinayətləri rəsmən qəbul edildi

"Yaxşı olardı ki, digər türkdilli dövlətlər də bu məsələdə fəal olsunlar. Bu kimi hadisələrdən heç kim sığortalanmayıb"


Türkiyə parlamentində Ermənistanın müharibə cinayətləri ilə bağlı hesabat qəbul edilib. Parlamentin İnsan Hüquqlarının Təhlili Komissiyasının sədri Hakan Çavuşoğlu Ermənistanın Qarabağdakı müharibədə ön plana çıxan fəaliyyətlərinin mülki insanları və mülki yaşayış yerlərini hədəf aldığını bildirib. Sədr qeyd edib ki, bu fəaliyyətlərin hər biri müharibə cinayətləridir.

Çavuşoğlu münaqişə zonasından kənarda qalan Azərbaycan mülki yaşayış yerlərinə edilən hücumlarla bağlı beynəlxalq hüquq-müdafiə təşkilat və qurumlarını Cenevrə sazişi çərçivəsində hərəkətə keçməyə çağırmaq üçün alt komissiya qurduqlarını söyləyib. Vurğulayıb ki, Bakı, Gəncə, Tərtər və Bərdə şəhərlərində Ermənistan ordusunun hücumlarında şəhid olan mülki vətəndaşların yaxınları ilə görüşlər təşkil edilib və rəsmi şəxslərdən müvafiq məlumatlar alınıb: “İkinci Qarabağ müharibəsi olaraq adlandırılan müharibə əsnasında Ermənistan ordusu beynəlxalq humanitar hüququ sistematik olaraq tapdayıb. Kasetli bomba və fosfor mərmiləri kimi qadağan olunmuş silahlar istifadə edib. Qəsdən mülki əhalinin yaşadığı ərazilərə, qəbiristanlıqlara, məktəblərə, tibb müəssisələrinə, elektrik, qaz, su və boru xətləri kimi iqtisadi infrastruktur obyektlərinə, təbii və mədəni müəssisələrə hücum edib”.

Tanınmış jurnalist, siyasi şərhçi Anar İmanov “Şərq”ə vurğulayıb ki, qardaş ölkə bir daha Azərbaycana çox yaxın olduğunu, bizi sona qədər dəstəklədiyini nümayiş etdirdi:

“Digər ölkələr üçün Türkiyənin sərgilədiyi fəaliyyətin presedent olub-olmayacağı məlum deyil, amma bu cür təşəbbüslər nə qədər çox olarsa, bir o qədər yaxşıdır. XXI əsrdə Ermənistanın vəhşi, faşist mövqeyi, mülki vətəndaşlara qarşı çirkin əməlləri dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Bu məsələ bütün sivil, demokratik ölkələrdə qaldırılmalıdır. İnsanlar dünyanın hər nöqtəsində bilməlidir ki, Ermənistan döyüşdən uzaq bölgələrdə yaşayan mülki insanları öldürməyi hədəfləyirdi. Yaxşı olardı ki, digər türkdilli dövlətlər də bu məsələdə fəal olsunlar. Bu kimi hadisələrdən heç kim sığortalanmayıb. Türk dünyası eyni mövqedən çıxış etməlidir”. A.İmanov vurğulayıb ki, erməni faşizmi bütün türkdilli dövlətlərdə dərsliklərə salınmalıdır: “Erməni faşistləri tərəfindən törədilən terror aktları və soyqırımlar bütün dünya tərəfindən qınaq obyektinə çevrilməlidir. Bu problem gələcək nəsillərə qalmamalıdır. Erməni faşizmi bütün dünyada qınanmalı və yox edilməlidir. Bunun üçün birgə, müştərək fəaliyyət gərəkdir ki, onu da Türkiyə artıq başladıb”.