Liderlər məqbul yol tapacaqlar

"Putin və Ərdoğan ən böhranlı situasiyada bir araya gəlməyi bacarır"

"Ankara elə bir addım atır ki, bu, Rusiya ilə iqtisadi-enerji əməkdaşlığına zərər vurmasın"

“Rusiya-Türkiyə əlaqələri ziqzaqvari davam edir. İki ölkə arasında gərginlik Ukrayna böhranına görə bir müddət davam edəcək”. Bu sözləri “Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspertin qənaətincə, Türkiyə Suriyanın İdlib bölgəsi ilə bağlı Rusiyaya müəyyən təzyiqlər edir. Çünki son günlər Rusiya İdlibdə Türkiyənin maraqlarına qarşı fəaliyyətə keçib: “İdlibdə humanitar böhran körüklənir. Tərəflərin növbəti dəfə ortaq məxrəcə gəlməsi mümkündür.

Bu onu göstərir ki, Rusiya-Türkiyə münasibətləri həssasdır və bu, digər regionlarda açıq qarşıdurmaya gətirib çıxara bilər. Hər iki tərəf potensial qarşıdurmadan çəkinir. Çünki iki ölkə arasında enerji, iqtisadi və hərbi-texniki əməkdaşlıq yüksək səviyyədədir. Ukrayna böhranında bu sahələrin zərər görməməsi üçün tərəflər münasibətləri kəskinləşdirməyəcək.

Türkiyənin atdığı addımlar bir ölkənin işğalçı siyasətinin qarşısını almağa yönəlib. Həmçinin, Rusiyanın Ukrayna və Qara dənizdə üstünlüyü Türkiyənin regional təhlükəsizliyi üçün də risklidir. Ona görə də Ankara elə bir addım atır ki, bu, Rusiya ilə iqtisadi-enerji əməkdaşlığına zərər vurmasın. Həm də Ukrayna və Qara dənizdə Türkiyənin maraqlarını tanısın. Ümumiyyətlə, Putin və Ərdoğan ən böhranlı situasiyada bir araya gəlməyi bacarır. Hazırkı vəziyyətdə də tərəflər məqbul yol tapacaqlar və Qarabağdakı Birgə Monitorinq Mərkəzində əməkdaşlıq sahəsində problem olmayacaq”.