Ukrayna ilə bağlı proqnozlar səhv çıxacaq

Ərdoğan və Putin məsələni sakitliklə çözəcəklər

 “Ukraynada müharibə heç kimə lazım deyil. Bir çoxları bunun Amerikaya lazım olduğunu, onların Ukraynanı buna təhrik etdiyini deyirlər. Ancaq belə hesab etmək olar ki, Amerikasız müharibə çoxdan başlamışdı, özü də tək Ukraynada yox, həm də Rusiya tərəfindən”. Bu sözləri BAXCP sədrinin müavini, politoloq Azər Qasımov deyib. 
 O, “Şərq”ə açıqlamasında fikirlərini belə izah etdi: “Amerikanı dünya imperializminin mərkəzi hesab etdiyimiz vaxtlar çoxdan keçib. Bu, sovet təbliğatının məhsulu idi. Amerika  hazırda dünyada polis rolu oynayır, planetdə nizam-intizamı saxlayır. Ola bilsin ki, doğru hesab etmədiyimiz hallar olur, amma bu, bizim baxış bucağımızdır. Neytral tərəfdən baxsaq, bir çox şeylər öz yerinə oturur”.  
A.Qasımov, həmçinin rəsmi Ankaranın proseslərə münasibətindən də söz açdı: “Türkiyənin Ukrayna böhranında da həlledici rol oynayacağını hesab edirəm. Bir çox proqnozların əksinə Ərdoğanın Zelenski ilə görüşündən sonra problem mütləq danışıq yolu ilə həll olunacaq. Ərdoğan və Putin məsələni sakitliklə çözəcəklər. Normand formatının da təklif etdiyi kimi, Ukraynanın tərkibində Donetsk və Luqansk ərazilərində avtonomiya yaradılması üçün razılıq əldə olunacaq. Krım məsələsi isə hələlik bitmiş kimi görünür və Ukraynanın bunu dəyişmək gücü yoxdur. Krım məsələsinin Amerikanın Rusiyaya təzyiq üsulu kimi hələlik həll edilməmiş qalması lazımdır. Türkiyənin bu proseslərdə həlledici rol oynamaq üçün tərəflər üzərində böyük təsir vasitələri var. "Montrö və boğazlar anlaşması", eyni zamanda Rusiya və Ukrayna ilə olan əlaqələr ona bu imkanı verir. Amerika da böhran səngidiyi üçün geri çəkiləcək. Amerika Rusiyanın dövlət kimi mahiyyətini anladığı üçün onu mühasirəyə alır ki, heç kimə ziyan vurmasın. Dünyada ancaq Rusiyanı “düşmən”, prezidentini isə “qatil” adlandırması səbəbsiz deyil”.