Ermənilərin terrorçuları tələb etməyə haqqı yoxdur


“Ermənistanın süni gündəm yaratmaq cəhdi iflasa məhkumdur”. Bu sözləri politoloq Nurlan Qələndərli deyib. O, məsələ barədə daha ətraflı “Şərq”ə danışdı: “Ermənistanın “hərbi əsirlərin qaytarılması” mövzusunda süni gündəm yaratmaq cəhdi siyasi manipulyasiyadır. Məqsəd bu ölkənin üçtərəfli bəyanatın bəzi müddəalarından irəli gələn tələbləri icra etməməsindən diqqəti yayındırmaqdır.  Özlərinə də yaxşı məlumdur ki, hərbi əsirlər mövzusu artıq öz həllini tapıb. Azərbaycan tərəfi üçtərəfli bəyanatın imzalanmasından sonra Ermənistana 70-dən artıq hərbi əsir verib”.

N.Qələndərlinin fikrincə, rəsmi İrəvanın terrorçuların geri qaytarılmasını tələb etməyə haqqı yoxdur:

“Sirr deyil ki, 10 noyabr razılaşmasından sonra Ermənistan Azərbaycanın ərazilərində bir sıra hərbi təxribatlar törətməyə cəhd göstərib. Nəticədə hərbçilərimiz həlak olub, mülki şəxslər yaralanıb. Azərbaycan tərəfi ermənilərin həmin təxribatçı qruplarını zərərsizləşdirib və cinayətkarlar tutulub. Nəticə etibarilə, 10 noyabr 2020-ci il tarixli bəyanatın imzalanmasından, yəni hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycanda saxlanılan şəxslər hərbi əsir hesab edilmirlər. Beynəlxalq humanitar hüquq normaları bu məsələni dəqiq təsbit edir. Onlar Azərbaycan Respublikasının cinayət məcəlləsinə görə qanun qarşısında hüquqi məsuliyyət daşıyırlar. Ermənistan bu cür spekulyasiyalarla məşğul olmaq əvəzinə, üçtərəfli bəyanatda əksini tapmış öhdəliklərinə qeyd-şərtsiz əməl etməlidir”.