Nobel prospektinin adını dəyişdirmək məntiqli deyil

Natiq Cəfərli: "Bundan istifadə etmək əvəzinə, nədən imtina edirik ki?"

 “44 günlük Vətən savaşının, qəhrəman əsgərimizin, zabitlərimizin şücaəti, şəhid və qazilərimizin qanı bahasına qazanılan hərbi qələbə, torpaqlarımızın böyük hissəsinin düşmən tapdağından azad edilməsi hekayəsi əbədiləşdirilməlidir”. Bu sözləri ReAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib. 
 N.Cəfərli narazı qaldığı məqamı “Şərq”lə bölüşdü:

“Amma atılan addımların da məntiqi olmalıdır - bu yaxınlarda tarixi zəfərimizin şərəfinə metro stansiyalarının birinə "8 Noyabr" adı verildi - doğru qərardır. Məncə, elə həmin metrostansiya ətrafında küçələrdən birinə də eyni adı vermək olardı. Bakının Nobel prospektinin adı dəyişdirildi, "8 Noyabr" adı verildi. Məncə, məntiqli yanaşma deyil. Nobel Qardaşları məmləkətimizin tarixidir, dünyada ən çox tanınmış soyadlardan biridir, bundan istifadə etmək əvəzinə, nədən imtina edirik ki? Dünyada ən populyar elmi mükafat "Nobel" adınadır. Günü bu gün də o mükafatın pulu Azərbaycan neftindən, burada qazanılan pulun faizindən verilir - bunu dünya bilirmi?! Bu barədə normal piar qura bilmişikmi?! Yox! Belə bir cəlbedici hekayə ermənilərdə olsaydı, çoxdan dünyaya səs salar, bu mövzunu dünyada ən populyar turistik marşrutlardan birinə çevirərdilər”...