80 min şagird məktəbə getmədən məzun oldu

"Pandemiyanın imtahan nəticələrinə təsiri az və çox, hər halda hiss ediləcək"

"Mən buraxılış imtahanlarının nəticələrinin orta səviyyədən aşağı olacağını düşünmürəm"

Dövlət İmtahan Mərkəzi aprelin 15-16-da tam orta təhsil üzrə buraxılış imtahanlarının keçirilməsini başa çatdırdı. 
DİM-in məlumatında qeyd olunur ki, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub. 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

Bədən hərarəti normadan yüksək olan şagirdlər binalardakı təcili tibbi yardım üzrə həkimlərin rəyi ilə imtahana buraxılmayıb. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub. 

İmtahanlarda istifadə edilmiş yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qabaqlayıcı tədbirlər, təşkilatı işlər öz yerində, bəs imtahanlardan hansı nəticələr gözlənilir? Pandemiya şəraitinin 1 ildən artıq davam etdiyi, distant təhsildə yaşanan məlum problemlərin buraxılış imtahanlarının nəticələrinə mənfi təsir göstərməyəcəyini söyləmək çətindir.

Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında qeyd etdi ki, pandemiyanın imtahan nəticələrinə təsiri az və çox, hər halda hiss ediləcək: 

- Nəzərə alaq ki, bu il 80 min çox şagird məktəbə getmədən məzun oldu. Səbəblər bəllidir; pandemiya, distant təhsil, keyfiyyətsiz internetin, həmçinin texniki imkansızlığın bir çox hallarda mümkünsüz etdiyi onlayn dərslər. Eyni zamanda sentyabr-noyabr ayları ərzində 44 gün müddətində yaşadığımız, qələbə ilə başa çatan Vətən müharibəsi. Belə şəraitdə buraxılış imtahanlarından ötən illərdəki  nəticələri gözləmək düzgün olmazdı. Amma nəzərə alaq ki, söhbət “11-cilər”in buraxılış imtahanalrından gedir. Yəni “11-cilər”in normal vaxtlarda da dərs davamiyyətləri zəif olurdu və hamımız bilirik ki, 9-cu sinifdən etibarən şagirdlərin əksəriyyəti repetitor hazırlığına gedir. Amma bu il repetitor hazırlıqları da davaml olmadı. Yoluxma təhlükəsi ilə bağlı.  Hazırlıq kurslarının fəaliyyətində dayanmalar yaşandı, üz-üzə hazırlıq keçən müəllimlər də onlayn dərslərə üstünlük verdilər. Bütün bu amillərlə yanaşı yenə də mən buraxılış imtahanlarının nəticələrinin orta səviyyədən aşağı olacağını düşünmürəm. Çünki “11-cilər” nə qədər olmasa da, yenə də hazırlığa, repetitor yanına gediblər, hazırlaşa biliblər. 

K.Əsədov builki buraxılış imtahanlarında monitorinq apardıqlarını da söylədi: 

-  Paytaxt üzrə 11 rayondan 8-də monitorinq aparmışıq. Sorğularda 2000 şagird iştirak etdi. Test tapşırıqlarından narazı deyildilər. Sizə deyim ki, DİM təklifləri nəzərə alaraq buraxılış imtahanı tapşırıqlarını yalnız 1-ci yarımilin tədris proqramından tərtib etmişdi. Ona görə də şagirdlər çətinlik çəkməməli idi. Monitorinqin nəticəsi belədir ki, şagirdlər Azərbaycan dili və xarici dildən daha yaxşı nəticə göstərib. Riyaziyyat fənninin tapşırıqlarına əməl etmək bir qədər çətin olub. Bu da anlaşılandır. Dərslərin onlayn keçirilməsi riyaziyyat fənnini lazımi qaydada, istənilən səviyyədə mənimsəməyə imkan verməyib. Xarici dildən isə şagirdlərin çətinliyi dinləmə sualları ilə bağlı olub. Şagirdlər bu tip suallara yaxşı cavab verə bilməyib. Ümumilikdə mən nəticələrin orta səviyyənin üzərində olacağını düşünürəm.