Özümüzü yandıran atəş...

Nə qədər evlərdə qeyri-qanuni silah saxlanılır

"Kimsə qeyri-qanuni silah saxlayırsa, bu, artıq cinayət tərkibli əməldir"


Abşeron rayonu, Məmmədli kənd sakini, 13 yaşlı Nəbiyev Nihad Nicat oğlu odlu silahdan açılan atəş nəticəsində baş nahiyəsindən xəsarət alıb və aldığı xəsarətdən 15 aprel 2021-ci il tarixdə xəstəxanada vəfat edib. Hadisə ilə bağlı hazırda rayon prokurorluğunda istintaq tədbirləri davam edir. 
Abşeron rayon prokurorluğunun məlumatında bildirilir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1958-ci il təvəllüdlü Rzayev Sücəddin Abusət oğlunun özünə məxsus ov tüfəngi ilə kənd ərazisində sahibsiz itləri vurarkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən Nihad Nəbiyevin baş nahiyəsindən xəsarət almasına və aldığı xəsarətdən ölməsinə əsaslı şübhələr yaranıb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Sücəddin Rzayev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polis nəzarəti altınaalma qətimkan tədbiri seçilib. 

Qeyd edilir ki, N.Nəbiyev qonşuluqda əkin üçün nəzərdə tutulmuş əraziyə keçib. Bu zaman qonşusu ona ehtiyatsızlıqdan ov tüfəngindən atəş açıb. Başından ağır xəsarət alan N.Nəbiyev xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Atəş açmış S.Rzayevin sahibsiz itlərə güllə atdığı, lakin ehtiyatsızlıqdan Nihadı vurduğu deyilir. Təəccüblü olan həm də budur ki, bəzən yırtıcı heyvanların mal-qara sürülərinə hücum çəkdiyi, təsərrüfatlara ziyan vurduğu haqda məlumatlar yayılır. Kəndli, fermer silahı olmadığından təsərrüfatını müdafiə edə bilmədiyini söyləyir. Bəzən də evində odlu silah saxlayan başqa birisi ehtiyatsızlıqdan faciəyə səbəb olur. Deməli, silahla davranış qaydalarını bilməyənlər əllərinə silah almamalıdır. Bir də ki, sahibsiz itləri güllələmək sıradan bir vətəndaşın işi olmamalıdır, bizcə. Buna məsul xidmət sahəsinə məlumat verilməli və onlar həmin işi icra etməlidir. 
     
Faciəli hadisə barədə fikirlərini “Şərq”ə bildirən ehtiyatda olan polis polkovniki Mahmud Hacıyev qeyd etdi ki, vətəndaşlara məxsus odlu silahlar mütləq daxili işlər orqanlarında qeydiyyata alınmalıdır: 

- Silahın alınması, saxlanması ilə bağlı konkret qaydalar var. Silahın saxlanmasına daxili işlər orqanları tərəfindən icazə verilməlidir. Bunun üçün xüsusi şöbə tərəfindən rəy yazılır. Bu rəy DİN tərəfindən narkoloji dispanser, psixi dispanserə göndərilən rəy əsasında tərtib edilir. Bu dispanserlər silah əldə etmək istəyən şəxs barəsində məlumat təqdim edir.

Narkotik maddə asılılığı varmı, ruhi-əsəb sistemi zədəli deyilki və sair. Hər adama silah saxlamağa icazə verilmir. Bunun üçün əsas olmalıdır. Bu sorğuların cavabına uyğun olaraq da rəy verilir və vətəndaşın silahı DİN tərəfindən qeydiyyata alınır. Silahın saxlanmasına dair vətəndaşa şəhadətnamə təqdim olinur.

Qayda belədir. Amma kimsə qeyri-qanuni silah saxlayırsa, bu, artıq cinayət tərkibli əməldir. Şübhəsiz ki, Abşeron rayonunda baş vermiş hadisə ilə bağlı da istintaq aparılacaq. Odlu silahdan atəş açmış şəxsin həmin silaha dair sənədinin olub-olmaması da yoxlanacaq. Sənədi varsa, başqa məsələ.

Atəşin səhlənkarlıqdanmı, yaxud qəsdən açıldığı müəyyənləşəcək. Amma sənəd yoxdursa, bu, qeyri-qanuni silah saxlamaqdır. Və bunun özü ayrıca cənayət əməlidir.