Türkiyədəki gərginlikdən sonra Dendiasdan açıqlama


Yunanistan Xarici İşlər naziri Nikos Dendias Afinanın Aralıq dənizindəki suverenlik sahəsi və digər mövzularda Ankara ilə fikir ayrılıqlarını görməzlikdən gələ bilməyəcəyini, lakin problemlərə həll tapmaq çətin olsa da, bunun mümkünsüz olmadığını açıqlayıb.

Bu barədə o “Kathimerini” qəzetinə müsahibəsində deyib.

İki NATO müttəfiqi olan ölkə Aralıq dənizindəki kontinental şelf, hava məkanı, enerji qaynaqları və Kipr də daxil olmaqla bir çox mövzuda fikir ayrılığındadır.

Dendias deyib ki, Türkiyə ilə yaşadığımız əsas problem fərqlilikləri həll etməkdə ortaq məxrəcə gələ bilməməyimizdir.

“Türkiyənin Egey və Şərqi Aralıq dənizi mövzusundakı mövqelərini sərtləşdirdiyini düşünmürəm. Ancaq bunun beynəlxalq hüquqa uyğun olaraq sabit dayanma sərgilədiyini görürəm və bunun həll yolunu çətinləşdirəcəyini düşünürəm. Ancaq həll qeyri-mümkün deyil”, - deyə Dendias vurğulayıb.

Dendias qeyd edib ki, danışıqları davam etdirmək üçün Çavuşoğlunu Afinaya çağırıb və bu görüş Yunanıstan Baş naziri Kyriakos Miçotakis ilə Prezident Tayyib Ərdoğan arasında görüşə yol aça biləcək.

Xatırladaq ki, Nikos Dendias türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransı zamanı əsassız ittihamlar irəli sürüb və “Türkiyə hüquqlarımızı, suverenliyimizi pozmağa davam edərsə, sanksiyalar yenidən gündəmə gələcək”, - deyib.

“Cənab Dendiasın mətbuatın önündə millətimizi, dövlətimizi ağır şəkildə ittiham etməsini qəbul etmirəm”, - deyə Çavuşoğlu etiraz edib.

“Yunanıstan XİN rəhbəri Nikos Dendiasla xarici işlər nazirimizin görüşü, təəssüf ki, çox fərqli istiqamətə yönəldi. Nazirimiz Dendiasın bu davranışları qarşısında ona həddini bildirdi”, - deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələyə münasibət bildirib.