Düşmənin saxta xəbərlərini necə önləyək? - "“Müdafiə müxbirləri”ilə müqavimət..."

 “Müdafiə müxbirləri” hər şeydən əvvəl ölkəsinin tarixini, müdafiə sənayesini  bilməlidir”

“Həmçinin ölkəsinin ordusunu tanımalıdır. Vətəninin qonşuları başda olmaqla, digər ölkələrlə əlaqələrindən xəbərdar olmalıdır”

“Psixoloji həmlələrdən, baryerlərdən baş çıxarmalıdır”

“44 günlük Zəfər savaşında saxta xəbərlərlə o qədər ustalıqla mübarizə aparıldı ki, ermənilər özləri də həqiqəti dərk etməyə məcbur qaldılar”


Xüsusilə Qarabağ müharibəsindən sonra türkdilli dövlətlər arasında inteqrasiya, canlanma müşahidə olunur. Azərbaycan və Türkiyə başda olmaqla ayrı-ayrı türkdilli dövlətlər bir-biriləri ilə mədəni, iqtisadi, siyasi və hərbi əməkdaşlığı gücləndirirlər. Görünür, həmin dövlət rəhbərlərinin hər biri artıq belə bir addımın vaxtı çatdığını düşünür. Bu, əlbəttə, sevindiricidir. Çünki, necə deyərlər, el bir olsa, dağ oynadar yerindən. Lakin təkrarlamaq yerinə düşər ki, haqqında danışdığımız inteqrasiya məhz vətən savaşından sonra oldu. Məhz 44 günlük hərbi əməliyyatlarda ayrı-ayrı türkdilli dövlətlər rəsmi Bakıya dəstəklərini ifadə etdilər. Qardaş Türkiyə isə həm diplomatiya, həm də informasiya cəbhəsində, demək olar, bizimlə birgə mübarizə apardı.
“Sherg.az” olaraq budəfəki müsahibimiz, türkiyəli jurnalist Teoman Korkmazla da elə iki qardaş dövlətin birliyi və gələcək perspektivlər barədə söhbətləşdik.

- Ölkəmizdəki hadisələri haradan izləyirdiniz?

- Azərbaycanın işğal altındakı torpaqları azad etmək uğrunda başlatdığı hərbi əməliyyatlar barədə yenilikləri Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlardan, yerli mətbuatdan öyrənirdim. Türk dilində xəbərlər yayan emrəni mənşəli bir xəbər agentliyini də izləyirdim. Tez bir zamanda onun ancaq saxta xəbər yaydığını anladım. Həmçinin azərbaycanlı mərhum jurnalist, dostum, qardaşım Rəşad Süleymanov da baş verənlər haqqında məni məlumatlandırırdı. Yeri gəlmişkən, deyim ki, o, həm Azərbaycan, həm də Türkiyə mətbuatına böyük töhfələr verib. Çox böyük xidmətləri var. Rəşad da bu zəfəri gördü, amma koronavirusa yoluxaraq dünyasını dəyişdi. Rəşadla görüntülü danışmaq, baş verənləri müzakirə etmək fikrimiz var idi. Təəssüf ki, həmin gün çatmadan Rəşadın vəfat xəbəri gəldi. Çox kədərləndik. Ciddi itkidir. Ona görə də indi Rəşad qardaşımı xatırlamağı özümə borc bildim.

- Azərbaycanın həqiqətlərinin, haqq səsinin dünyaya çatdırılmasında türkiyəli jurnalistlər hansı rolu oynadılar?

- Ermənilərin Xocalıda törətdikləri qətliamı unutmaq mümkün deyil. Elə həmin günlərdə, yəni 1992-ci il fevralın 26-sı ərəfəsində TRT sınaqlar keçirirdi.
Universitetdən məzun olub, hərbi xidmətimi yenicə bitirmişdim. Müxbirlik üçün TRT-yə müraciət etdim. Həmin vaxt rəhmətlik atamın dükanında ona kömək edirdim. Ermənilərin vəhşiliyi məni elə satsıtmışdı ki, dükandakı televizordan xəbərləri izləyirdim. Ardınca TRT-nin elan etdiyi sınaqdan uğurla keçdim və məni müsahibəyə çağırdılar. Məndən Azərbaycanda nələrin olduğunu soruşdular. Hadisələri yaxından izlədiyim üçün təfsilatı ilə danışdım və hətta proqnoz verdim: Türkiyə müdafiə sənayesi inkişaf etdikcə qardaş ölkələrə də silah dəstəyi verəcək. Beləliklə, həmin mərhələdən də keçdim və Ərzuruma göndərildim. Burada atamın dükanında ikən daim onun verdiyi xəbərlərlə Qarabağ hadisələri barədə məlumatlandığım Süleyman Çili ilə tanış oldum. Düz 26 il birlikdə işlədik. 1992-ci ildə nə internet var idi, nə də mobil telefon. TRT olmasaydı ermənilərin Xocalı faciəsi dünyaya çatdırılmayacaqdı. Həmin vaxtlar necə sərasər çalışdığımız hələ də yadımdadır. Uğurla başa çatan haqq savaşınızda Azərbaycanda olan türkiyəli jurnalistlərin xidmətlərini yüksək qiymətləndirirən. Onlar düşmənin hər cür təxribatına rəğmən, dünyaya doğru informasiya verdilər. Əgər informasiya müharibəsində ancaq Azərbaycan və Ermənistan jurnalistləri mübarizə aparsaydı, bəzi ölkələr hələ də düşmənin yalanlarına, miflərinə inanardı.

-Baş verən hadisələrə Türkiyədə münasibət necə idi?

-  Türkiyədə ağlı başında olan hər kəs çox bilir ki, son aylaradək Aəzrbaycanın torpaqları işğal altındaydı. Ermənilər həmin torpaqları tutanda soyqırımla nəticələnən qətliamlar törətmişdilər. Yəni burada hər kəs haqlı tərəfin rəsmi Bakı olduğundan əmindir. Normal işləyən media qurumlarının hər biri həqiqət nədirsə, onu yazdı. Eləcə də biz etibarlı mənbələrdən aldığımız informasiyarı təhrif etmədən, olduğu kimi verdik. Əlbəttə, bunu xüsusilə vurğulamalıyam ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntülər həqiqətin üzə çıxmasında müstəsna rol oynadı.

- İki qardaş ölkənin media sistemlərinin birgə fəaliyyəti barədə nə düşünürsünüz?

- Türkiyə və Azərbaycanın media quruluşları arasında iş birliyi mütləq olmalıdır. Bu, özünü hətta jurnalistika təhsilində də göstərməlidir. Biz bir-birimizlə təcrübə mübadiləsi aparmalıyıq. Lakin ortaq media quruluşunun yaranması çatdırılacaq xəbərlərin obyektivliyinə şübhə yarada bilər.

- Belə hadisələr zamanı “qaynar nöqtələr”dən materiallar hazırlayan həmkarlarımızın fəaliyyəti haqqında nə deyə bilərsiniz?

-  “Savaş müxbirliyi” ilə “Müdafiə müxbirliyi” terminlərini bir-birindən fərqləndirmək lazımdır. Onları qarışdırmaq olmaz. Belə ki, savaş müxbirləri müharibənin başlanmasını gözləyən və müharibə başlayanda dünyadakı böyük xəbər agentlikləri üçün külli miqdarda vəsait qarşılığında xəbər hazırlayan jurnalistlərdir. Onlar o qədər çox pul alırlar ki, həyatlarını təhlükəyə atmaqdan çəkinmirlər. Əlbəttə, belə şəraitdə həyatlarını itirən, yaralanan xeyli sayda media işçisi var. “Müdafiə müxbirləri” isə hər şeydən əvvəl ölkəsinin tarixini, müdafiə sənayesini  bilməlidir. Həmçinin ölkəsinin ordusunu tanımalıdır. Vətəninin qonşuları başda olmaqla, digər ölkələrlə əlaqələrindən xəbərdar olmalıdır. Psixoloji həmlələrdən, baryerlərdən baş çıxarmalıdır. Xüsusilə Türkiyə ilə Azərbaycan kimi qardaş ölkələr müharibə əsnasında düşmənin yaydığı dezinformasiyalara qarşı ancaq “Müdafiə müxbirləri”nin fəaliyyəti ilə müqavimət göstərə bilərlər. Medianın bu istiqamətdəki rolu hər müharibədən sonra növbəti dəfə üzə çıxır. Dediyim kimi, düşmənin  yaydığı saxta xəbərlərlə o qədər ustalıqla mübarizə aparıldı ki, hətta ermənilər özləri də həqiqəti dərk etməyə məcbur qaldılar.

- Azərbaycanın qələbəsi sizdə hansı təəssüratları oyatdı?

- Mən jurnalistika fəaliyyətinə Qarabağ məsələsi ilə başladım. Uzun illər ərzində hazırladığım xəbərlər, reportajlarla Xocalı faciəsini dünyaya çatdırmağa çalışdım. 2018-ci ildə təqaüdə çıxdım. Bundan iki il sonra Qarabağ erməni işğalından azad olundu. Təqaüdə çıxmağıma baxmayaraq, hələ də fəaliyyət göstərirəm: müharibə vaxtı baş verənləri sosial media hesablarım, həmçinin təsisçisi olduğum “savunmasanayi.org” saytı vasitəsilə oxucularımıza çatdırdım. 28 ildir bu zəfəri gözləyirdim. Odur ki, Qarabağın, nəhayət, azad olunması mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan haqlıdır. Və mən ömrüm boyu haqlının tərəfində olmuşam. Azərbaycanla Türkiyə bir-birindən ayrı dövlətlər deyil. Bizim çox sıx əlaqələrimiz var. Xəritəyə baxanda da bu iki dövlətin bir-birindən qəsdli şəkildə ayırıldığını görə bilərik. Güclü olsaq, güclərimizi birləşdirsək, bundan sonra hansısa qüvvə Türk dünyasını ayıra bilməz.