“DGK süni qiymət artımı yaradır” - Üzü astarından baha çıxır

“Bu qurum ləğv edilməli və nəzdində gömrük xidməti yaradılmalıdır” 


Dövlət Gömrük Komitəsi ilə bağlı narazılıqlar bitib-tükənmir. Ən çox narahat edən məqam isə, heç şübhəsiz, gömrük qiymətinin baha olmasıdır. Baha deyəndə ki, “əl yandıran” dərəcədə. Bunu sahibkarlar- ölkəyə məhsul gətirənlərin özləri deyirlər. Və əlavə edirlər ki, keyfiyyəti daha aşağı olan məhsul, həmçinin avtomobil gətirməkdən başqa çarələri yoxdur. Əks halda, necə deyərlər, üzü astarından baha çıxacaq...Olan da kasıb vətəndaşa olur.


 
İqtisadçı-ekspert Nazim Bəydəmirli “Sherg.az”a açıqlamasında narazılıqların haqlı olduğunu söylədi: 

“Əlbəttə, mövcud vəziyyət məntiqsizdir. Çünki gömrük rüsumları daxili istehsalı qorumaqdan ötrüdür. Ölkəyə idxalın qarşısını almaq istəyən dövlətlər gömrük rüsumunu baha edirlər ki, daxili istehsal stimullaşsın. Bizdə isə avtomobil istehsal olunmur. Nəticədə Gürcüstanda 3 minə satılan maşın bizdə üç dəfə daha qiymətə təklif edilir. Bu, gömrük orqanlarının əsassız qiymət artımını şərtləndirməsi təşəbbüsüdür. Təəssüf ki, biz Gürcüstan yox, İran iqtisadi modelindən istifadə edirik. Halbuki geridə qalmış cənub qonşumuzda gömrük rüsumunun baha olması məntiqlidir. Çünki daxili istehsal var”.

 N.Bəydəmirli, həmçinin çıxış yolunu da göstərdi:

“Gömrük rüsumu baha olduğu üçün daha ucuz, geridə qalmış rus avtomobillərinin ölkəyə idxalına şərait yaranır. Beləliklə, qəza ehtimalları artır, ekologiyaya ziyan dəyir.

Fikrimcə, müasir avtomobillərin, yəni elektromobillərin idxalı stimullaşdırılmalıdır.

Bir çox ölkələrda sürücülülərdən köhnə avtomobillər yığılır və yenisini almaq istəyənlərə subsidiya ödənilir. Bəzi ölkələrdə parklanma, elektromobillərin şarjı ödənişsizdir. Qardaş Türkiyə isə maşınlarını dəyişmək istəyənlərə uzunmüddətli kreditlər verir.

Ümumiyyətlə, Dövlət Gömrük Komitəsi süni qiymət artımı yaradır. Düşünürəm ki, bu qurum ləğv edilməli və nəzdində gömrük xidməti yaradılmalıdır”.