Kanada Ukraynaya və Çinə diqqətini artırır

Ukrayna-Rusiya arasındakı gərginlik ABŞ və Avropa ölkələri kimi Kanadanı da narahat edir. Bunun səbəblərindən biri odur ki, dünyada ən çoxsaylı ukraynalı diaspor məhz Kanadadır. Ukraynalılar müxtəlif illərdə Kanadaya köçüblər. Həmin ukraynalılar Kanadada siyasi və iqtisadi proseslərə təsir etmək iqtidarındadır. Ona görə də Kanada da Ukrayna ətrafındakı prosesləri diqqətlə izləyir.

Kanadanın baş naziri Castin Trüdo bu günlərdə Almaniyanın kansleri Angella Merkellə telefonla danışaraq Rusiya ilə Ukrayna arasındakı gərginliyi müzakirə edib. Hər iki tərəf vəziyyətdən narahat olduqlarını bildiriblər. Telefon danışığından sonra yayılan açıqlamada bu cümlələr yer alıb: “Kanadanın və Almaniyanın liderləri Rusiyanın Krımdakı və Ukrayna ilə sərhəddəki fəaliyyətindən narahatdır. Kanada və Ukrayna bir daha Ukraynanın ərazi bütövlüyünə, təhlükəsizliyinə və suverenliynə dəstək verdiklərini ifadə ediblər”.

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, Kanadanın baş naziri Almaniyanın kansleri ilə başqa bir mövzunu da geniş müzakirə edib:

“Hər iki lider Çinin siyasəti ətrafında fikir mübadiləsi aparıblar. Kanadanın da Çinin siyasətindən narazı qalması üçün əsası var. Çində Kanadanın iki vətəndaşı həbs olunub. Hər ikisi casusluqda ittiham edilir. Həbs olunanlardan biri keçmiş diplomat, digəri iş adamıdır. Kanada iddia edir ki, hər iki vətəndaşı saxta ittihamlarla həbs olunub. Bu məsələdə Almaniya Kanadanaya dəstək verir. Almaniya kansleri telefon danışığında kanadalı həmkarıyla həmrəylik nümayiş etdirib.

Çin Kanadanın iki vətəndaşını niyə həbs edib?

Kanadanın müvafiq strukturları 2018-ci ildə ABŞ-ın istəyi ilə “Huawei” şirkətini idarə edənlərdən birini həbs etmişdi. Pekin bu həbsə etiraz etmişdi. Görünür, bundan sonra Çin Kanadadan qisas qalmaq məqsədilə ölkədəki iki Kanada vətəndaşını həbs etməyə qərar verdi. Pekin Kanadanın uyğur məsələsinə artan diqqətindən də narahatdır. Amerika kimi Kanada da hesab edir ki, Çindəki uyğurlara işgəncə verilir, onlar təqib olunurlar və zorla “əmək düşərgələrindən” saxlanılırlar”.