Kollektiv idarəetmə bol məhsul vəd edir

Belarus aqrar sahədəki təcrübəsini Azərbaycanla bölüşəcək

Belarus Azərbaycanla aqrar sahədə təcrübə və biliklərini paylaşmağa hazırdır. Bunu Belarusun memarlıq və tikinti naziri Ruslan Parxamoviç deyib. O bildirib ki, söhbət Qarabağda bütün infrastrukturun bərpasından gedir: "Belarusda mövcud olan aqroşəhərciklərin Qarabağda tikintisi nəzərdə tutulur. Bundan başqa, su elektrik stansiyalarının, elektrik şəbəkələrinin, su təchizatı şəbəkələrinin bərpasından söhbət gedir. Bir sözlə, həmin ərazilərdə kompleks tikintinin həyata keçirilməsi planlaşdırılır".

İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, Belarusun aqrar sahədəki təcrübə və biliklərinin öyrənilməsində fayda var. Ekspert qeyd edib ki, bu təcrübə bir neçə ildən sonra Azərbaycanda məhsulun, istehsalın, habelə  ixracatın artımına səbəb ola bilər:

"Belarus təcrübəsində əsas məsələ ondan ibarətdir ki, böyük torpaq sahələrinə kollektiv idarəetmə təklif olunur. Bu təbii ki, sovetlərin zamanında qalmış kolxoz prinsipi deyil. Burda özəl mülkiyyətçilərin özləri də var. Yəni bunlar şirkətlərdi və ya fərdi sahibkarlardır. Onlar torpaq sahələrini birləşdirərək birgə fəaliyyət göstərirlər. Bu aqrar şəhərciklərdə ilkin məhsulun istehsalından və emalından tutmuş son məhsuluna qədər bir zəncir yaradılıb. Bu gün Bakıda bir neçə Belarus məhsulları mağazaları fəaliyyət göstərir. Və bu fəaliyyət göstərən mağazalarda satılan məhsulların böyük əksəriyyəti məhz elə aqrar şəhərciklərin, ümumiyyətlə, aqrar sahədə fəaliyyət göstərən böyük kollektivlərin əməyinin məhsuludur. Bu süd məhsulları, ət məhsulları və s. bir çox məsələlərə qədər öz həllini tapıb". 

N.Cəfərli əlavə edib ki, əgər eyni qayda, eyni məntiq Azərbaycanda da təsdiq olunacaqsa, bu təcrübədən istifadə etməkdə xeyir var:

"İsraildə də buna bənzər kommunallar fəaliyyət göstərir. Orda da torpaq sahələri birləşdirilərək böyük təsərrüfatlar yaradılır. Nəticədə kollektiv idarəetmə yanaşması ilə məhsul bolluğunun yaradılmasına nail olunub.

Çünki yeni texnologiyalar- suvarma sistemləri, yeni seleksiya üsulları bütün bunlar burada təsdiq olunub. Yəni bu şəhərciklər həm İsrail, həm Belarus, həm də digər ölkələrdə, əsasən də Şimali Avropa ölkələrində geniş yayılıb. Təbii ki, bu ölkələrin də təcrübələrindən istifadə etmək vacibdir.

Əsas məsələ bu layihənin həyata keçirilməsində elmi əsasların hazırlanmasıdır. Orda istehsal olunan məhsulun son məhsula çevrilməsi ilə bağlı zəncirlərin qurulması, yeni investorların cəlb olunması və bu investorlara qanunvericilik şəkildə təminatların verilməsi kimi məsələlər paralel olaraq öz həllini tapmalıdır.

Düşünürəm ki, bu təcrübə bir neçə ildən sonra Azərbaycanda məhsulun istehsalına,  ixracatın artımına səbəb olacaq. Həmçinin ərzaq məhsullarının özümüzün təminatımızda da yaxşılaşmasına səbəb olacaq bir addıma çevrilə bilər".