Miqrantlarla bağlı sərt qərar ajiotaj yaradacaq

Rusiya ərazisində qeyri-qanuni yaşayan azərbaycanlılar 15 iyunu gözləməli deyillər

"Birmənalı şəkildə onlar iyunun 15-dək  ölkə ərazisini tərk etməlidirlər ki, ondan sonra  daha ciddi məsələlərlə üz-üzə qalmasınlar"

Rusiya Daxili İşlər Nazirliyi MDB-yə üzv ölkələrdən Rusiyada qanunsuz olaraq yaşayan vətəndaşların 15 iyuna qədər bu ölkədən çıxarılmasını tələb edir. Bunu MDB-nin Parlamentlərarası Assambleyasında çıxışı zamanı Rusiyanın Daxili işlər nazirinin müavini Aleksandr Qorovoy bildirib. Nazir müavininin slaydda nümayiş etdirdiyi statistikaya görə, bu gün Özbəkistanın 332 min, Tacikistanın 247 min, Ukraynanın 152 min, Azərbaycanın 120 min, Qırğızıstanın 115 min, Ermənistanın 61 min, Moldovanın 56 min, Qazaxıstanın 49 min vətəndaşı qanunsuz olaraq Rusiyada yaşayır.

Bununla belə, nazir müavini göstərilən tarixə qədər ölkəni tərk etməyənlərlə bağlı sərt tədbirlərin görüləcəyini deyib: “Əgər prezidentin sərəncamında nəzərdə tutulduğu kimi, iyunun 15-dək bu rəqəmdən qurtulmasaq, onda bu insanlar qovulma və sərhədlərin bağlanması ilə cəzalandırılacaqlar. Mən istəyərdim ki, siz öz ölkənizdə KİV, blogerlər vasitəsilə təbliğat işləri aparasınız”.

Mövzuya münasibət bildirən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Rusiya hökuməti birmənalı şəkildə bildirib ki, onun ərazisində yaşayan bir milyondan yuxarı qeyri-qanuni miqrant iyunun 15-dək  ölkə ərazisini tərk etməlidir:

"Yəni Rusiyada yaşayan qeyri-qanuni əsaslı miqrantlar könüllü şəkildə özləri bileti alaraq ölkə ərazisindən çıxmalıdırlar. Burada məsələ nədədir? Deməli, iyunun 15-nə qədər Rusiyada sərt karantin rejimi mövcuddur, yəni ölkə ərazisini tərk etməyə icazə yoxdur. Yalnız xüsusi icazəsi olan şəxslər tərk edə bilər. Dekabr ayında ölkə prezidenti tərəfindən belə bir qayda qəbul olunmuşdu və iyun ayının 15-nə qədər bu qanun qüvvədədir. Yəni 15 iyuna qədər ölkə ərazisində yaşayan əcnəbilər xüsusi icazələr və fövqəl səbəblər olmadığı təqdirdə ölkə ərazisini tərk edə bilməzlər. Eyni zamanda 14 martdan etibarən kimin ki, sənədlərinin etibarlılıq müddəti bitibsə, onlara ölkə ərazisini bir qayda olaraq tərk etməyə icazə verilir. Yalnız bir şərtlə. Üçüncü ölkə vasitəsilə bunu həyata keçirmək olmaz. Tutaq ki, Azərbaycan Respublikasının vətəndaşlarının sənədi  etibarsızdırsa, o təyyarəyə bilet alıb yalnız Rusiya ərazisindən Azərbaycana qayıda bilər". 

A.Allahverənov  Rusiya ərazisində qeyri-qanuni əsaslarla yaşayan azərbaycanlıların sayının çox olmasına da diqqət çəkib:

"Rusiya hökuməti qeyri-qanuni miqrasiya ilə bağlı mübarizəni illərdir ki, bəyan edir. Hətta müəyyən bir vaxtlarda orada qeyri-qanuni əsaslarla yaşayanlar üçün miqrasiya amnistiya məsələsi də nəzərdə tutulurdu. Amma Rusiya hökuməti buna getmədi. Hətta 5-6 il bundan qabaq rəsmi tədbirlərin birində ölkə başçısı demişdi ki, ölkə ərazisində 4 milyondan 10 milyona yaxın qeyri-qanuni əsaslarla yaşayan miqrantlar olduğunu bilirlər. Ötən müddət ərzində Rusiyanın gördüyü tədbirlər nəticəsində qeyri-qanuni əsaslarla yaşayan miqrantların sayı azalıb. Yəni bu gün Rusiyanın ərazisində qeyri-qanuni əsaslarla yaşayan miqrantların sayı  təqribən 2 milyon civarındadır ki, onun 1 milyondan çoxunu sərt qərar vasitəsilə bir növ azaltmağa çalışırlar. Ümumiyyətlə, istənilən ölkə onun ərazisində yaşayan qeyri-qanuni miqrantların statuslarının miqrant şəklində olmasında maraqlıdır". 

A.Allahverənov qeyd edib ki, son zamanlar qeyri-qanuni miqrasiya ilə bağlı mübarizədə bəzi hallarda çox sərt qərarların qəbul edilməsini tələb edir:

"Buna görə də bu günləri Rusiya belə sərt qərara gedib.  Düşünürəm ki, bu günləri qeyri-qanuni əsaslarla yaşayan vətəndaşlar 15 iyunu gözləməli deyillər. Birmənalı şəkildə onlar iyunun 15-dək  ölkə ərazisini tərk etməlidirlər ki, ondan sonra  daha ciddi məsələlərlə üz-üzə qalmasınlar. Vurğulayım ki, həmin insanların müəyyən bir qisminin sənədlərinin etibarlılıq müddəti bitib. Mütləqdir ki, onlara yeni sənədlər verilsin. Amma bu sənədlərin ölkə ərazisini tərk edilmədən verilməsi mümkünsə,  düşünürəm ki, bunu da biz realizə etməliyik. Bizim Rusiya ərazisində fəaliyyət göstərən diplomatik korpusumuz və diaspor təşkilatlarımız var. Fikrimcə, həmin qurumlar ilk əvvəl orada qeyri-qanuni əsaslarla yaşayan miqrantlara hüquqi yardımlara başlaya bilərlər. Hüquqi yardım mərkəzləri təsis edə bilərlər ki, həmin vətəndaşlarımız da ora müraciət etsinlər. İnsanlar nə səbəbdən qeyri-qanuni əsaslarla yaşadıqlarına aydınlıq gətirsinlər. Əgər onların sənədlərinin düzəldilməsi mümkündürsə, o elə yerindəcə həll olunmalıdır. Həmçinin səyyar qaydada dəstək proqramları da həyata keçirə bilər.  Düşünürəm ki, bununla da soydaşlarımızın müəyyən bir qisminin sənədlərinin qaydaya salınmasına biz nail ola bilərik. Bu baxımdan zənnimcə, orada yaşayan  qeyri-qanuni əsaslarla yaşayan vətəndaşlara bizim dövlət dəstək göstərməlidir".