"Qarabağdakı ermənilər Azərbaycan vətəndaşlığını almaq şansını hələ itirməyib" 


"Danışıqlar davam etməlidir və Zəngəzur-Naxçıvan yolunun statusu da müəyyənləşməlidir"

“İkinci Qarabağ müharibəsindən sonra Qafqazda yaranan hərbi siyasi vəziyyət 3 qafqaz ölkəsinin real və potensial gücünü ortaya çıxartdı”. Bunu “Şərq”ə Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. Politoloq bildirib ki, sovetlər dağıldıqdan sonra Ermənistana göstərilən ciddi hərbi, iqtisadi və siyasi dəstək Azərbaycan hakimiyyətinin səbirli, ağıllı və mərhələli şəkildə apardığı siyasət nəticəsində darmadağın edildi: "Ermənistan Azərbaycan tərəfindən çox ciddi hərbi, siyasi və iqtisadi zərbə aldı. Vəziyyəti real olaraq dəyərləndirdikdə Azərbaycanın götürdüyü istiqamətdən yayınmayacağı təqdirdə Ermənistanın revanş götürmək ehtimalı olmadığı görünür.

Lakin buna baxmayaraq,  Paşinyana müxalif olan qüvvələr Qarabağın öz hüquqi "statusuna" qaytarılması ilə "razılaşmaq" istəmirlər. Əslində onlar real durumu bilsələr də, sırf polulizmlə məşğuldurlar və hakimiyyətə gəlmək üçün Paşinyana siyasi təzyiq edirlər".

Analitikə görə, iyun ayında Ermənistanda növbədənkənar seçkilərin keçirilməsi ərəfəsində Paşinyanın da revanşist əhval ruhiyyədə çıxışı bu məqsədlə edilir:

"Lakin Paşinyan opponentlərindən fərqli olaraq xəyallarını "sülh" yolu ilə həll edəcəyini vəd edir. Qarabağ ərazisində hazırda məskunlaşan erməni əsilli insanların Azərbaycan vətəndaşlığı almaq şansı hələ də itirilməyib.

Bu barədə cənab Prezident ən yüksək səviyyədə bəyanatlar verib və sözünün arxasında duracağını bildirib. Lakin bu məsələlər birtərəfli qaydada olmur.

Danışıqlar davam etməlidir və Zəngəzur-Naxçıvan yolunun statusu da müəyyənləşməlidir. Paşinyanın Zəngəzurda ikinci Rusiya hərbi bazasının yaradılması təklifi də müvəqqəti mövqedir. Çünki Ermənistanın gələcək taleyi yalnız Azərbaycan və Türkiyə ilə münasibətlərdən asılıdır.

Bu münasibətlər hansı dərəcədə olacaqsa,  Ermənistanın inkişafı da o səviyyədə olacaq".