Birinci sinfə şagird qəbulu başlayır

Aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Birinci sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq.

Dövlət ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla bağlı müsahibələrin  4 may - 14 iyun 2021-ci il tarixlərində onlayn həyata keçirilməsi nəzərdə tutulur. 

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq.