Yeni mərhələ:Təhsil kreditləri veriləcək!    

“Tələbə dövlət tərəfindən işlə təmin ediləcək ki, kreditini ödəyə bilsin”

““Akademik göstəriciləri, yəni qiymətləri yaxşı olan tələbələr, beynəlxalq yarış və olimpiyadalarda ilk 3 yer tutan şəxslərə verilmiş kreditlər bağlanacaq”


Azərbaycanda “Ali təhsil haqqında” qanun layihəsi hazırlanıb. Qanun layihəsi10 fəsil və 77 maddədən ibarətdir.
Təhsil müəssisələrinin ictimai qurumları qismində Rektorlar Şurası və ali təhsil müəssisələri tələbələrinin ictimai birliyinin yaradılması yeni qanunda öz əksini tapıb.Qanun layihəsində “Ali təhsilin iqtisadiyyatı” fəslində təhsil kreditlərinə dair ayrıca maddə (65-ci maddə) yer alıb. 

Məlumdur ki, ölkəmizdə təhsil kreditləri ilə bağlı məsələ daim müzakirə mövzusu olub. “Ali təhsil haqqında” qanunda belə bir maddənin yer alması təbii ki, tələbələrin diqqətini cəlb etməyə bilməz. Bəs, yeni qanuna əsasən təhsil kreditləri hansı formada veriləcək?

Sualımızı cavablandıran tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov “Sherg.az”a söyləyib ki, Azərbaycanda ali təhsilin yeni bir mərhələsinə qədəm qoyulur. Ekspert qeyd edib ki, yeni mərhələ ali təhsil alan şəxslərin təhsil haqlarının ödənilməsi ilə bağlıdır:

““Ali təhsil haqqında” qanunda ən vacib məqam tələbələrə kreditlərin verilməsinə aiddir. İndiyə qədər Azərbaycanda tələbələrə kreditlərin verilməsi üçün maarifçi kredit fondu var idi. Lakin bu fond tələbələrə kifayət qədər kredit vermədi. Yeni mexanizm olduqca güzəştlidir. Təhsil alma və universitetin hüquqi formasından asılı olmayaraq hər bir tələbə kredit üçün müraciət edə biləcək. Bu kredit kifayət qədər güzəştli şərtlərlə veriləcək. Həmin şəxs təhsilini başa vurduqdan sonra işə qəbul ediləcək və kredit ödənişlərini bundan sonra ödəyəcək”.

K.Əsədovun sözlərinə görə, təhsil krediti götürən tələbələrə müəyyən güzəştlər olacaq:

“Akademik göstəriciləri, yəni qiymətləri yaxşı olan tələbələr, beynəlxalq yarış və olimpiyadalarda ilk 3 yer tutan şəxslərə verilmiş kreditlər bağlanacaq. Eyni zamanda tələbə dövlət tərəfindən işlə təmin ediləcək ki, kreditini ödəyə bilsin. Ümumiyyətlə, “Ali təhsil haqqında” qanun özündə ciddi məsələləri əks etdirir. Bunlardan biri ali təhsil müəssisələrinin idarə edilməsi ilə bağlıdır. Təəssüf ki, bu gün ali təhsil müəssisələrinin idarə edilməsi hesabatlı və nəticəyönümlü deyil. Yəni şəffaflıq tam olaraq təmin edilməyib. Hesab edirəm ki, beynəlxalq əməkdaşlıq üçün bu nüanslar olduqca vacibdir. Yeni qanun qeyd etdiyimiz problemləri tamamilə həll edəcək. Ali təhsil müəssisələrində idarəetmə və muxtariyyət məsələsi də yeni qanunun əsas mexanizmlərindən biridir”.