“Xankəndidə paradın qarşısı alınmalıdır” – Rusiyadan izahat...

Xankəndi aeroportunda Rusiya hərbçilərinin Qələbə Günü paradına hazırlıq məşqləri başlanıb. Bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Dağlıq Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti 2-ci Dünya Müharibəsində keçmiş Sovet İttifaqının qələbəsi münasibətilə təntənəli keçidin məşqlərinə başlayıb.

Xankəndi şəhərindəki aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub.

Təlimlərə 15-ci motoatıcı briqadanın, humanitar reaksiya mərkəzinin şəxsi heyətlərinin, hərbi polisin, xüsusi təyinatlı tibbi bölümün, eləcə də maddi-texniki təchizat bölümlərinin cəlb olunduğu bildirilir.

Bu il mayın 9-na planlaşdırılan paradda hər biri 45 hərbçidən ibarət 10 dəstənin keçəcəyi gözlənir.



Sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Sherg.az”a açıqlamasında bunu növbəti təxribat kimi qiymətləndirdi: 

“Belə bir təşəbbüs sülhməramlıların statusuna aid deyil. Həmçinin tədbirin keçirilməsi Azərbaycanla razılaşdırılmayıb. Üçüncüsü isə  paradda Ermənistan tərəfindən kimlərin iştirak edəcəyi məlum deyil. Lakin keçidin pozuculuq xarakteri daşıdığı, terrorçu rejimin nümayəndələrinin orada çıxışı gözləniləndir.

Həm də heç Rusiya keçən il 9 mayı bu qədər təmtaraqla qeyd etməmişdi...Fikrimcə, rəsmi Bakı izahat tələb etməli və paradın keçirilməsinin qarşısı alınmalıdır”.