Milli Diplom bazası yaradılır:“Saxta diplomların qarşısı alınır”

“Milli Diplom Reyestri imkan verəcək ki, hər kəs şəxsi kodu ilə təhsili barədə məlumatlarını əldə edə bilsin”

Azərbaycanda Milli Diplom Reyestri yaradılacaq. Bu, “Ali təhsil haqqında” qanunun ilkin versiyasında əksini tapıb. Layihəyə əsasən, Milli diplom Reyestri ali təhsilin səviyyələri üzrə kvalifikasiya təsdiq edən diplom və diploma əlavələrin vahid mərkəzləşdirilmiş elektron sistemidir.
Milli Diplom Reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən  yaradılır, icrasına nəzarət edilir və fəaliyyətinin monitorinqi əsasında illik ictimai hesabatlılıqlar təmin edilir. 



Milli Diplom Reyestrinin yaradılmasına dair fikirlərini “Sherg.az”la bölüşən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, “Ali təhsil haqqında qanun” çox məsələni həll edəcək:

“Ən vacib məqamlardan biri təhsilin idarə edilməsi və ali təhsil müssisələrində əmək bazarının tələblərinə cavab verən kadr hazırlığının həyata keçirilməsi ilə bağlıdır.

Milli Diplom bazasının yaradılması ondan ibarətdir ki, bir çox hallarda dövlət nümunəli olmayan diplomlar əmək bazarına daxil olur. Beləliklə, ali təhsil almaq istəyən şəxslər saxta yollarla diplom alıb, sonra da işə qəbul edilirlər.

Amma Milli Diplom Reyestri imkan verəcək ki, hər kəs şəxsi kodu ilə təhsili barədə məlumatlarını əldə edə bilsin.
Bir sözlə, diplomların saxta yollarla verilməsi Azərbaycanın təhsil sistemindən uzaqlaşacaq”.