“Bakalavrı bitirənlər magistr üçün imtahan vermirlər”

Ali təhsilin üçüncü səviyyəsini təşkil edən magistratura təhsili Avropa Kredit Transferi və Toplanması Sisteminin tələbləri əsasında formalaşır, minimum 2 il müddəti əhatə etməklə 60-120 kreditlik təhsil proqramlarından ibarətdir. Bu, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Layihədə qeyd edilir ki, təhsil proqramının yönümündən və sahəsindən asılı olaraq magistr kvalifikasiyasının aşağıdakı formaları müəyyən edilir: müvafiq humanitar və sosial elmlər ixtisas sahəsi üzrə magistr kvalifikasiyası (MA); müvafiq təbiət və texniki elmlər ixtisas sahəsi üzrə magistr kvalifikasiyası (MSc); müvafiq idarəetmə ixtisas sahəsi üzrə magistr kvalifikasiyası (MBA).

 Azərbaycan Dillər Universitetinin professoru Ülfət İbrahimov “Sherg.az”a açıqlamasında Azərbaycandakı sözügedən təhsil pilləsini Avropadakı ilə müqayisə etdi:
“Əsas fərq ondan ibarətdir ki, bakalavriat mərhələsini bitirənlər magistraturada oxumaq üçün imtahan vermirlər. Yəni bakalavr diplomu olan hər kəs öz arzusu ilə növbəti təhsil pilləsində də oxuya bilər.
Bu, eyni zamanda magistraturanı bitirənlərə də aiddir. Onlar da imtahansız doktorantura təhsili ala bilərlər”.